DİN rəsmisi : "Saxta FHN polkovnikinə kim inanıbsa, zərər çəkib"

      DİN rəsmisi   : "Saxta FHN polkovnikinə kim inanıbsa, zərər çəkib"
  06 Yanvar 2022    Oxunub:857
"Özünü FHN polkovniki kimi təqdim edən Rasim Əhmədli ona kim salam veribsə, hamısını aldadıb, kim inanıbsa, zərər çəkib".
Bunu AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib. Saxta polkovnik Rasim Əhmədli əvvəllər də Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunub. Ötən ilin noyabrında dələduzluq əməlinə görə beynəlxalq axtarışa verilib. Saxlanılması üçün müvafiq tədbirlər görülür", - DİN rəsmisi bildirib.

Xatırladaq ki, R.Əhmədlinin növbəti dələduzluğunun üstü Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayın sosial şəbəkədə etdiyi paylaşımdan sonra açılıb.

O paylaşımında bildirib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmədli rəhbərlik etdiyi heyətlə Marmarisə gələrək təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşdüyünü yazıb. Bələdiyyə sədri özünü FHN polkovniki kimi təqdim edən şəxsə plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.

Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmədli adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti