Qazaxıstanda qaz emalı zavodunun rəhbəri saxlanılıb

 Qazaxıstanda qaz emalı zavodunun rəhbəri saxlanılıb
  05 Yanvar 2022    Oxunub:946
Qazaxıstanın hüquq-mühafizə orqanları genişmiqyaslı etirazlardan sonra ölkənin qərbindəki Janaozen şəhərində qaz emalı zavodunun direktoru Nakbergen Tulepovu saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, maliyyə monitorinqi agentliyi maye qazın qiymətini “heç bir səbəb olmadan qaldıran” Tulepovla bağlı ilkin araşdırmaya başlayıb.

2022-ci ilin ilk günlərində Manqistau vilayətinin (Qazaxıstanın qərbində neft hasil edən rayon) Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazının qiymətinin iki dəfə artırılmasına etiraz ediblər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev vəziyyətə baxmaq üçün komissiyasının yaradılması barədə göstəriş verib. Yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bəyan edib. Lakin etirazlar digər şəhərlərə də yayılıb. Ölkənin ən böyük şəhəri olan Almatıda yanvarın 4-ü axşam və 5-nə keçən gecə nümayişçilərlə təhlükəsizlik işçiləri arasında toqquşma baş verib. Tokayev insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. O qeyd edib ki, mülki və hərbi idarələrə hücum çağırışları qanunsuzdur.

Prezident Manqistau vilayətində və Almatıda yanvarın 19-dək fövqəladə vəziyyət elan edib. Saat 7.00-dan 23.00-a qədər tətbiq edilən komendant saatı zamanı kütləvi tədbirlər, tətillər qadağan edilir, silah-sursat, spirtli içkilərin satışına qadağa qoyulub, silah və sursatların insanlardan müsadirə edilməsi, xüsusilə mühüm obyektlərin mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur. Almatıya giriş-çıxış məhdudlaşdırılıb, sənədlərin, insanların və nəqliyyat vasitələrinin yoxlanılmasına başlanılıb. Yanvarın 5-də səhər saatlarında Tokayev hökuməti istefaya göndərib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Qazaxıstan  



Xəbər lenti