Şəkidə dağ gəzinti marşrutları yaradıldı

Şəkidə dağ gəzinti marşrutları yaradıldı
  29 Dekabr 2021    Oxunub:1002
Azərbaycan Turizm Bürosunun tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatı 2020 və 2021-ci illər ərzində başlatdığı uzunluğu ümumilikdə 26 km olan və 4 fərqli istiqamətləri özündə birləşdirən yürüş cığırlarının (haykinq) işarələnməsini başa çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilir ki, birinci mərhələdə Yuxarı Karvansaray ilə “Güllütəpə” adlanan ərazini birləşdirən qədim cığır yolu işarələnib, ikinci mərhələdə isə Xan Sarayı ilə Xan yaylağı və Qurcana şəlaləsini birləşdirən dağ marşrutu işarələnərək istifadəyə verilib.

Turistlər bu marşrutlar üzərindən Şəki mənzərəsinin göründüyü nöqtələri, saxsıdan köhnə taclıq su yolunu və Şəki mədəniyyəti üçün xüsusi əhəmiyyətə malik olan sarağan ağaclarını müşahidə etmək imkanı əldə edəcəklər. Eyni zamanda Şəki şəhərinə səfər edən turistlər Xan Sarayı ilə Qurcana şəlaləsini birləşdirən dağ gəzinti marşrutundan istifadə etməklə Şəkinin gözəl mənzərələrini, dağılmış məsciddən qalma tarixi minarəni, daş döşənmiş yolları, şair Bəxtiyar Vahabzadənin ev muzeyini görə biləcəklər.

Bundan əlavə, Xan Sarayı ilə Xan yaylağını birləşdirən 2 marşrut da işarələnərək istifadəyə verilib. Bunlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda “Birinci rayon” adlı ərazidən, digəri isə Şəki əhalisi arasında “Çatqal” adı ilə məşhur olan dərədən keçir. Marşrutların üzərində kempinq üçün əlverişli yerlər, eləcə də istiqamətlər və bulaqlar barədə məlumatlar ox işarələri və lövhələrlə göstərilib. Yürüş marşrutları Şəkinin gediş və dönüş istiqamətlərində quraşdırılıb. Regionun digər dağ cığırları üzrə həyata keçirilən işlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

AzVision.az



Teqlər: Şəki  





Xəbər lenti