Sağlam qocalmaq üçün belə qidalanmaq lazımdır

   Sağlam qocalmaq üçün belə qidalanmaq lazımdır
  27 Dekabr 2021    Oxunub:2789
Yaşlandıqca gündəlik istifadə etdiyiniz qidalara və içkilərə daha çox diqqət yetirmək vacibdir. Bədənimizə mənfi təsir göstərə bilən vərdişləri bilməli və tərgitməliyik. ABŞ-ın “Eat This, Not That” nəşri yaşa dolduqca bədənimizə mənfi təsir göstərə biləcək qidalara tanımağı və onlardan uzaq durmağı vacib sayır.
- Əgər 60 və ya bir az artıq yaşınız varsa, çox güman ki, bədəninizdə çoxlu müxtəlif dəyişikliklərin baş verdiyini hiss edirsiniz, - nəşr yazır. - Buna görə sağlam qidalanma və idman vərdişlərini inkişaf etdirmək çox vacibdir.

Yaş artdıqca qidalanmada əsas diqqət yetirməli olduğumuz məqamlar bunlardır:

1. Zülal çatışmazlığı

Yeməkdən kifayət qədər protein əldə etmək istənilən yaşda vacibdir, çünki zülal əzələ kütləsini, gücünü, sümük sağlamlığını qorumağa kömək edir və piylənmə ilə mübarizənin ən yaxşı yoludur. İnsan yaşa dolduqca sağlamlığın qorunmasında zülallar xüsusi rol oynayır. 60 yaşdan yuxarı insanlar əzələ kütləsini itirmək riski altındadırlar və kifayət qədər protein yeməsələr, bu proses sürətlənə bilər.

Bunun üçün rasionda yumurta, qızıl balıq, mal əti, toyuq və ya hinduşka kimi qidaların nisbətini artırmaq lazımdır. Səhər qəhvəsinə və ya yulaf sıyığına bir az zərdab proteini əlavə etmək kimi sağlam vərdişi də inkişaf etdirə bilərsiniz. Bu, günə sağlam bir protein porsiyası ilə başlamağınıza kömək edəcək.


2. Kifayət qədər su içməmək

60 yaşdan sonra qurtulmalı olduğumuz başqa bir vərdiş tövsiyə olunan miqdarda su içməməkdir. Yaşa dolduqca susama hissi azala bilər. Bu səbəbdən, 60 yaşdan yuxarı insanların orqanizmi üçün su çatışmazlığı gənclərə nisbətən daha ciddi problemdir.

3. Gec şam yeməyi

Bir çox insanlar bunun fərqinə varmaya bilər, lakin gec yemək, hətta sağlam qidalar olsa belə, sağlamlığınıza böyük zərər vura bilər. Gecikmiş şam yeməyində çox vaxt yüksək emala məruz qalmış qidalardan istifadə olunur. Bu, çox ciddi problemdir, çünki gecələr həddindən artıq yemək birbaşa çəki artımı, yüksək qan şəkəri dalğalanmaları ilə müşayiət olunur və diabetə gətirib çıxara bilər.


4. Tərkibində lif az olan pəhriz

Ən pis qida vərdişlərindən biri kifayət qədər lif yeməməkdir, çünki qida rasionumuzun məhz bu komponenti sağlamlığımızı qorumağa kömək edir. Zəhərli maddələrin orqanizmdən xaric olunmasına kömək etmək, bağırsaqlarımızda yaşayan faydalı bakteriyaları qidalandırmaq, iltihabı azaltmaq, əhval-ruhiyyəmizə müsbət təsir göstərmək üçün gündəlik rasionumuza həll olunmayan liflər daxil etməliyik. Kifayət qədər lif qəbul etmək üçün gündəlik rasionumuza yulaf əzməsi, giləmeyvə, alma, paxlalar və noxud kimi qidalar daxil edək.

Hazırladı: Nadir Quliyev


Teqlər: Qidalanma   Pəhriz  





Xəbər lenti