Gələn il islahatların davamını gözləyirik – Ekspert

   Gələn il islahatların davamını gözləyirik –    Ekspert
  27 Dekabr 2021    Oxunub:896
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor

İlin son həftəsinə qədər qoyuruq, ona görə də, gələn il bizi nələrin gözlədiyi haqqında düşünməyin vaxtıdır. Mən pozitiv olmağın tərəfdarıyam, sizi də bura dəvət edirəm. Üstəlik, əsas da var: Yeni ilə əməkhaqqı və sosial müavinətlərin artımı ilə gedirik. Bu, o deməkdir ki, hökumət 2019-cu ildə həyata keçirdiyi, amma sonradan pandemiya səbəbindən yarımçıq qalan sosial islahatlar vektorunu bərpa edir.
Biz iki ağır il yaşadıq. Sosial-iqtisadi cəhətdən 2020-ci il tənəzzül, 2021 isə tənəzzüldən sonrakı tədricən bərpa ili idi. Və nəhayət, tənəzzül bitdi, tənəzzüldən sonrakı bərpa da başa çatır və biz praktik olaraq, 2019-cu ildəki səviyyəyə - pandemiyaya qədərki vəziyyətə çatmışıq. Demək, gələn il – 2022-ci ildə artıq 2019-cu ildə qaldığımız yerdən davam etmək olar. Buna heç bir mane qalmayıb.

Gələn ildən minimum əməkhaqqı 300 manat olacaq, büdcə təşkilatlarında çalışanların maaşları 19 pilləli vahid tarif cədvəli üzrə müxtəlif səviyyələrdə artacaq. Bu, təbii ki, digər sahələrdə əməkhaqqıların artmasına impuls verəcək. Bütün növ sosial müavinətlər və təqaüdlər yüksələcək. Növbəti sosial artımlar üst-üstə 2,1 milyondan çox vətəndaşı əhatə edəcək.
Hərçənd, artımlarla bağlı bəzi suallar da var ki, gəlin, onları cavablandırmağa çalışaq.
Birincisi: Bu artımlar çoxdur, ya az?

Dünya təcrübəsinə baxsaq, G20 dövlətlərində əməkhaqqının illik artımı 0,4-0,9 faiz, digər inkişaf etmiş ölkələrdə 1,6-2,2 faiz, inkişaf etməkdə olan ölkələrdə nisbətən çox olur (5 faizdən 25 faizə qədər). Sonuncu dəfə maaşların 2019-cu ildə artdığını nəzərə alsaq, hazırkı artım dünyada inkişaf etməkdə olan ölkələrin ümimi göstəricisinə uyğundur.

Minimum əməkhaqqına gəlincə, dünyada bu göstəricinin artımı müxtəlifdir: Avropa və Mərkəzi Asiyada ildə 3.5%, Asiyada 2.5%, Amerikada 1.8%, Afrikada 1.1%. Bizdə 2019-cu ildə göstərici 250 manat olmaqla, ilk dəfə yaşayış minimumunu üstələmişdi. Hazırda ölkədə işləyən insan üçün yaşayış minimumunun 207 manat olduğunu nəzərə alsaq, 300 manat normal rəqəmdir. Yaxşı olardı ki, minimum əməkhaqqı yaşayış minimumunu iki dəfə üstələsin. Çünki bu göstərici sosial mahiyyətə də malikdir. İnkişaf etmiş ölkələrdə minimum əməkhaqqı median əməkhaqqının 55 faizi, inkişaf etməkdə olan ölkələrdə isə 67 faizi səviyyəsində olur (Yeri gəlmişkən, bu tip dəyərləndirmələrdə orta əməkhaqqından yox, məhz median əməkhaqqından istifadə etmək lazımdır). Amma bunu birdən-birə etmək sahibkarları əlavə yükə sala bilər. Ona görə də, tədricilik çox vacibdir.

Buradan da ikinci suala keçirik: İnflyasiya şəraitində bu artımları bahalaşma “yeməyəcək” ki?

Həqiqətən də, 2019-cu ildə cəmi 2,6 faiz inflyasiya qeydə alınmışdı. Bu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artıb. Ərzaq məhsulları üzrə artım 7,4 faizdir. Amma əvvəla, nəzərə almaq lazımdır ki, bu, qlobal problemdir. Əslində yüksək inflyasiya dövründə maaş və sosial ödənişlərin artımı risklidir. Çünki bu, odun üstünə benzin tökməyə bənzəyə bilər. Yəni inflyasiya daha da alovlanar.

İdeal variant o olardı ki, inflyasiyanın bitməsi gözlənilib, artımlara ondan sonra gediləydi. Proqnozlara görə, qlobal inflyasiya gələn ilin sonlarına doğru səngiməyə başlayacaq. Amma görünür, Azərbaycan hökuməti bu qədər gözləməklə əhalini sosial problemlərin məngənəsində qoymaq istəməyib.

Bu, heç də o demək deyil ki, bəzilərinin iddia etdiyi kimi, artımlar bahalaşmanın oduna yanacaq. Yada salaq ki, 2019-cu ildə 6 ay fasilə verilməklə 2 dəfə artıma gedildi və bir ildə 2 sosial paket icra edilərək, minimum əməkhaqqı 2 dəfə artırıldı. Əgər bir dəfəyə olsa, hətta həmin iqtisadi sabitlik ilində də inflyasiya artımların bir qismini “yeyə” bilərdi. Məhz mərhələlərlə olduğuna görə 4 milyondan çox vətəndaşı əhatə edən artımlar heç bir halda inflyasiya faktoruna çevrilmədi, ölkədə qiymət artımlarına rəvac yaratmadı və əhalinin gəlirlərinin çoxalması da real hiss edildi. Tamamilə mümkündür ki, bu il də elə olsun.

Amma son məqsəd əlbəttə ki, artımın özü deyil, əhalinin rifahının yüksəlməsidir. Bunun üçün isə islahatların davamı tələb olunur. Böyük ehtimalla, 2022-ci il bu baxımdan da 2019-un məntiqi davamı olacaq: Biz islahatların yeni dalğasını görəcəyik. O cümlədən idarəetmədə də. Mən gələn ilə nikbin keçməyin tərəfdarıyam.


Teqlər: Sosial-paket  





Xəbər lenti