“Azərbaycan regionda inteqrasiyaya liderlik edir” – İrina Tsukerman

 “Azərbaycan regionda inteqrasiyaya liderlik edir” –  İrina Tsukerman
  26 Dekabr 2021    Oxunub:1901
"İkinci Qarabağ Müharibəsi bitəndən bəri Azərbaycan regionda inteqrasiya yolunda liderlik edir. Bakı buna kommunikasiya strategiyası hesabına nail olub. Bu gün də Azərbaycan Ermənistan və Türkiyəni birləşdirəcək yeni ticarət yollarını araşdırır".
Bu sözləri AzVision.az-a milli təhlükəsizlik üzrə analitik İrina Tsukerman deyib. O bildirib ki, artıq Azərbaycanın diplomatik səylərinin bəhrəsini Ermənistanla Türkiyə arasında ticarət əlaqələrinin açılmasında görmək mümkündür.

Region üçün böyük ticari və strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinə gəlincə, təhlükəsizlik üzrə ekspert vurğulayıb ki, bu dəhlizin açılması hazırda mövcud olan dolayı İran marşrutundan yan keçməklə, birbaşa ticarət əlaqəsi qurmağa imkan yaradacaq:
- Zəngəzur dəhlizi Azərbaycanın maraqlarının qorunmasına xidmət edəcək. Bakı müvafiq məsələləri İranla müzakirə etmək məcburiyyətində qalmayacaq. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Ermənistan öz aralarında daha möhkəm əlaqələr qura biləcəklər. Ancaq Ermənistan indiyədək dəhlizin açılmasını müzakirə etməkdə tərəddüd edir,- Tsukerman deyib.

Amerikalı eksperti qeyd edib ki, Ermənistan əvvəl-axır reallığı qəbullanmalıdır.
- Prezident Əliyev bu məsələnin ehtiyac yaranarsa, birtərəfli qaydada həll olunacağını başa salmaq üçün çox çalışdı. Nəticə etibarilə, ticarət üçün müxtəlif variantların mövcudluğu, eləcə də qonşuları ilə daha asan ticarət imkanları Ermənistanın özünün də xeyrinədir. Bu cür dəhlizlər təkcə regional çiçəklənməyə yol açmaqla qalmayıb, həm də ümumilikdə iqtisadi və siyasi kommunikasiyaların önündəki maneələri aradan qaldırır. Zəngəzur dəhlizi regional problemlərin birgə həllində ölkələri bir-birinə yaxınlaşdıracaq”, - deyə təhlükəsizlik üzrə analitik fikrini yekunlaşdırıb.

S.Həsənova
AzVision.az


Teqlər: İnteqrasiya   Güney-Qafqaz  





Xəbər lenti