"Sosial islahatlar digər sahələrdə də müsbət dinamika yaradacaq"- Müşfiq Məmmədli

   "Sosial islahatlar digər sahələrdə də müsbət dinamika yaradacaq"-   Müşfiq Məmmədli
  22 Dekabr 2021    Oxunub:1227
“Prezident İlham Əliyevin sosial sahələri əhatə edən məlum sərəncamları böyük bir sosial paketi əhatə edir”.
Bunu AzVision.az -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli deyib. O, xüsusən də təhsil işçilərinin maaşlarında edilən artımları, minimum əməkhaqqının 300 manata çatdırılmasını təqdirəlayiq addım kimi qiymətləndirib. Deputat qeyd edib ki, ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman Prezidentin siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

- Bu, əhalimizin rifah halının yaxşılaşdırılması istiqamətidə sosial paket şəklində atılan addımlar başqa sahələrdə də müsbət dinamikanın meydana gəlməsinə səbəb olacaq. Belə ki, minimum əməkhaqqının artırılması avtomatik olaraq iqtisadiyyatın digər sahələrinə də təsir edəcək. Bu həm də əhalinin, büdcə təşkilatlarında çalışan vətəndaşlarımızın maaşının artırılmasına gətirib çıxaracaq. Bütün dünyada inflyasiya proseslərinin hansı surətlə getməsi, milli valyutaların kurslarında olan dəyişikliklərin hansı mənfi nəticələrə gətirib çıxarması fonunda Azərbaycanın sabit iqtisadiyyat qurması, makro iqtisadi stabilliyi təmin edərək əhalinin maaşlarının artırılması istiqamətində atdığı addımlar xüsusən diqqətə layiqdir.

Bir məsələni də nəzərə alaq ki, təhsil sahəsində çalışan işçilərin maaşlarının yüksəldilməsi, minimum əməkhaqqının artıq 300 manat həcminə yüksəldilməsi təkcə büdcə təşkilatlarında çalışanlara deyil, avtomatik olaraq özəl sektora da müəyyən təsir edəcək, maaş artımlarına gətirib çıxaracaq. Artıq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşları işlə təmin edən müxtəlif təşkilatlara müraciət də ünvanlanıb. Bir sözlə bütün bunlar bir daha onu göstərdi ki, sosial islahatlar, məlum maaş artımları digər sahələri, ümumən iqtisadiyyatı əhatə edəcək. Cənab Prezidentin son sərəncamları aidiyyəti sahələrlə yanaşı, digər istiqamətlərdə də müsbət təsirini göstərəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Maaş   Deputat   Artım   Sərəncam  





Xəbər lenti