BƏƏ səfirliyi qadın hüquqlarına dair seminar təşkil edib

BƏƏ səfirliyi qadın hüquqlarına dair seminar təşkil edib
  17 Dekabr 2021    Oxunub:1237
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi ilə Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetinin birgə əməkdaşlığı çərçivəsində “Qadın hüquqlarının genişləndirilməsi” mövzusunda onlayn seminar keçirilib.
AzVision.az xəbər verir ki, çıxış edən BƏƏ-in Azərbaycandakı müvəqqəti işlər vəkili Abdalla Əl-Şəmsi ölkəsinin qadın hüquqlarına dair Mili Strategiyası barədə ətraflı məlumat verib. Qeyd edib ki, mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanın dövründə, qurulduğu gündən etibarən BƏƏ müxtəlif siyasi, iqtisadi və sosial sahələrdə, xüsusilə də böyük və sürətli dəyişikliklərin şahidi olub, qadınlara dair məsələlər və onların cəmiyyətdə iştirakı və qadınların hüquqlarının genişləndirilməsinə xüsusi diqqət yetirib.

O vurğulayıb ki, BƏƏ konstitusiyası bütün vətəndaşları üçün bərabər hüquqlara zəmanət verir və ölkədə qadınlar kişilərlə eyni hüquqi statusa malikdirlər, onların mülkə sahib olmaq, təhsil almaq və əmlaka varis olmaq hüququ kişilərlə eynidir.

“Dünya Bankının Qadınlar, Biznes və Hüquq üzrə 2020 hesabatında BƏƏ-nin dünyanın ən yaxşı on iqtisadiyyatı arasında yer aldığı və gender bərabərliyi indeksində ən böyük irəliləyişə nail olduğu bildirilib. BƏƏ-də 1975-ci ildə Əlahəzrət Şeyxa Fatimə bint Mübarək tərəfindən Ümumi Qadınlar Birliyinin təsis edildiyi gün - 28 avqustda BƏƏ Qadınları Gününü qeyd edir.”, - Əl-Şəmsi çıxışında bildirib.

O, həmçinin, əlavə edib ki, BƏƏ humanitar böhranlarda həyata keçirilən bütün BƏƏ-nin maliyyələşdirdiyi humanitar proqram və layihələrin bir hissəsi kimi qadınların və qızların müdafiəsinə BƏƏ-nin öhdəliyini artırmaq məqsədi daşıyan "100 faiz Qadınlar" siyasəti də hazırlayıb.

Filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova çıxış edərək, mövzunun aktuallığını vurğulayıb. Bildirib ki, dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ile bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da son illərdə bu istiqamətdə intensiv işlər görülür.

Tədbir ərəbdilli tədqiqatçıların çıxışı ilə davam edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: BƏƏ   Gender  



Xəbər lenti