"Vətəndaş cəmiyyətinin inkişafında əməkdaşlıq edə bilərik" - BMT

"Vətəndaş cəmiyyətinin inkişafında əməkdaşlıq edə bilərik" -  BMT
  02 Dekabr 2021    Oxunub:1438
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndirici xanım Vladanka Andreyeva ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin faəliyyəti və qurumun gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva Azərbaycanın BMT və onun bir sıra orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn öhdəliklərin icrası istiqamətində vətəndaş cəmiyyəti institutları mühüm rol oynayır. İcraçı direktor eyni zamanda BMT-nin Azərbaycanda fəaliyyət göstərən qurumları vasitəsilə yerli QHT-lərə ayrılan layihələrin şəffaflıq meyarları və onlar üçün yaradılan bərərbərhüquqlu müsabiqə şərtləri barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndirici ilə müzakirə aparıb.



Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndirici xanım Vladanka Andreyeva çıxış edərək ilk öncə Agentliyin yeni təyin olunan icraçı direktoru Aygün Əliyevanı təbrik edib. O vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədləri 2030 Gündəliyinə nail olmaq istiqamətində vacib amil olan vətəndaş cəmiyyətinin inkişafında BMT və Agentlik yaxından əməkdaşlıq edə bilər.



Daha sonra Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Günel Səfərova və İlqar Orucov tərəfindən BMT-nin Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumlarının QHT Agentliyi ilə birgə yerli qeyri-hökumət təşkilatları üçün qrant müsabiqələrinin təşkili, Bakıda və regionlarda “QHT Evləri”nin/QHT tədris mərkəzlərinin yaradılması, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində QHT-lər tərəfindən fəaliyyətlərin icrası, BMT-nin müvafiq qurumu və yerli QHT-lərin birgə təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək “Böyük Qayıdış” prosesi istiqamətində layihələrin icrası və BMT-nin Azərbaycandakı nümayəndəliyi və QHT Agentliyi arasında əməkdaşlığın bütün sahələrini əhatə edən Anlaşma Memorandumunun imzalanması məsələləri qonaqlarla müzakirə olunub.

Sonda qonaqları maraqlandıran suallara cavab verilib və Agentlik ilə BMT-nin Azərbaycanda fəaliyyət göstərən müvafiq qurumları arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi haqqında müzakirələr aparılıb.



AzVision.az



Teqlər: QHT   Görüş  





Xəbər lenti