Bərdədə 49 min nəfər tibbi müayinədən keçirilib- FOTO

Bərdədə 49 min nəfər tibbi müayinədən keçirilib- FOTO
  29 Mart 2014    Oxunub:3470
Ölkə əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası Bərdə rayonunda da uğurla davam etdirilir.
AzVision.az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya AzərTAc-a bildirib ki, sakinlər mərkəzi rayon xəstəxanasında, Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında müayinə olunurlar. Bundan başqa, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 12 həkim briqadası tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi aparılır. Fevralın 17-dən indiyədək 89 idarə, müəssisə və təşkilatların kollektivləri, 28 yaşayış məntəqəsinin sakinləri olmaqla 49 min 083 nəfər müayinədən keçirilib.

Mərkəzi rayon xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirmişdir ki, Bərdənin tibb işçiləri əhalinin sağlamlığının qorunmasına yönələn aksiyada fəal iştirak edirlər. Yaşlılara, yataq xəstələrinə və ucqar kəndlərin sakinlərinə səyyar briqadalar xidmət göstərir. Müayinələri əsasən, terapevt, cərrah, oftalmoloq, ginekoloq, kardioloq, nevropatoloq, stomatoloq və digər tibb mütəxəssisləri aparırlar. İndiyədək müayinə olunmuş sakinlərdən 2066-sı ambulator, 287-si stasionar müalicəyə cəlb edilmiş, 92 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müvafiq müalicə kursları təyin edilir.

Səyyar briqadalar tərəfindən növbəti müayinələrin keçirildiyi Qaradırnaq kənd həkim məntəqəsi 2012-cü ildə istifadəyə verilib. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində inşa olunan məntəqədə əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb.

Qalereya




Teqlər:





Xəbər lenti