"Azərbaycanın turizm potensialı yüksəkdir" - Erol Yarar

   "Azərbaycanın turizm potensialı yüksəkdir" -    Erol Yarar
  15 Noyabr 2021    Oxunub:1510
Bu gün mövcud olan türk ölkələrinin ortaq baxışı sağlam təməl üzərində qurulmalıdır.
AzVision.az xəbər verir ki, bunu Beynəlxalq Biznes Forumun prezidenti Erol Yarar 25-ci Beynəlxalq Biznes Forumda deyib. O bildirib ki, iqtisadi birlik olmadan dünyada sağlam birlik qurula bilməz:

"30-50 il sonra neft ölkələrdə pul etməyəcək. Çünki dünya karbon yanacaqlardan uzaqlaşacaq. Qeyri-neft məhsulları baxımından Azərbaycanın böyük imkanları mövcuddur. Türkiyədəki kənd təsərrüfatı sahəsində biliklərimizi Azərbaycanın torpaqlarında istifadə etmək istəyirik. Çünki, Qarabağ və digər regionlarda bu imkanlar böyükdür. Bununla dünyanın aqrar məhsullara olan ehtiyacını qarşılaya bilərik. Azərbaycanlı qardaşlarımızla kənd təsərrüfatını inkişaf etdirmək niyyətindəyik".

E.Yarar qeyd edib ki, Azərbaycanın turizm potensialı yüksəkdir: "Turizmin çeşidlənməsi istiqamətində azərbaycanlı qardaşlarımızla birgə çalışırıq. Yaz və qış turizmini dəstəkləyən turizm potensialını Azərbaycanda reallaşdırmaq niyyətindəyik. Azərbaycanın səhiyyə sisteminə investisiya yatırmaqla onu dünyanın ən inkişaf etmiş sahələrdən biri kimi təqdim edəcəyik.

Dünyada ən sürətlə inkişaf edən nəqliyyat vasitəsi hidrogenlə işləyənlər olacaq. Onun ən böyük qaynağı su və təbii qazdır ki, bu da Azərbaycanda var. Bununla dünyanın ən qiymətli yanacağını ixrac edə biləcəyik. Bunun üçün Türkiyə və Azərbaycan arasında hidrogen araşdırmaları institutu qurulmasını təklif edirəm və bu istiqamətdə araşdırma aparılmalıdır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Biznes   Azərbaycan  





Xəbər lenti