Zəngilanda sakinlərə dəstək göstəriləcək

 Zəngilanda sakinlərə dəstək göstəriləcək
  02 Noyabr 2021    Oxunub:1102
Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində mikro biznesin yaradılması üçün kənd sakinlərinə dəstək göstəriləcək.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq edir.

Əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun sakinlərinə biznes fəaliyyətinə başlanması və məşğulluğun təmin edilməsi üçün dəstək göstəriləcək. Əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 22 nəfər Zəngilan sakini özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik biznes sahələri yaradılacaq. Proqrama cəlb olunan şəxslər təlimləri və qiymətləndirmə mərhələsini uğurla başa vurduqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən fəaliyyət sahələrinə uyğun olaraq müvafiq avadanlıqlarla təmin olunacaqlar.

Artıq sakinlərin məşğul olacağı fəaliyyət sahələrinin və bu istiqamətdə ehtiyaclarının müəyyən olunması üçün KOBİA və Aqrar Xidmətlər Agentliyi tərəfindən sakinlərlə görüşlər keçirilib. Müzakirələrin nəticəsi olaraq, avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. sahələr müəyyənləşdirilib.

AzVision.az



Teqlər: Zəngilan  





Xəbər lenti