"Azərbaycan-Türkiyə qardaşlığı əleyhinə cəbhə yaradırlar" - Polkovnik Ünal Atabay
- Əvvəllər də buna qarşı çıxan ölkələr var idi. Hətta BMT-nin daxilində islahat təşəbbüsləri gündəmə gəlmişdi. 21-ci əsrdə gəldiyimiz nöqtəyə nəzər salsaq, artıq bu sistemin dəyişməsinin lazım olduğunu görürük. Prezident Ərdoğanın ifadə etdiyi budur. Bunu cənab İlham Əliyevin də dəstəklədiyini müşahidə edirik. Əslində bu mesajın verdildiyi yer də simvolik məna daşıyır. "Dünya beşdən böyükdür" mesajının məhz Füzulidə, Zəngilanda verilməsi BMT-nin müstəqil ölkələrə hər istədiyini təlqin edə bilməyəcəyinin sübutudur,- Ünal Atabay bildirib.
Polkovnikin sözlərinə görə, bu gün Amerikanın və ya Rusiyanın öz istədiklərini etdirə biləcəyi bir Azərbaycan yoxdur. Minsk qrupunun hazırkı vəziyyəti bunu açıq şəkildə göstərir. Türkiyə bölgədə və qlobal miqyasda təsirli gücə çevrilib.
- Azərbaycanla birlikdə isə daha böyük gücə malik oluruq. Biz bunu Qarabağ savaşında da, digər strateji mözvularda da gördük, görürük. Bu qardaşlıq və strateji ortaqlıq çoxlarını narahat edir. ABŞ hazırda Yunanıstanı Türkiyəyə qarşı silahlandırmaqla məşğuldur. Fransanın da Yunanıstana dəstək olduğunu görürük. Çünki Türkiyənin silahlanmasını, qlobal güc olmasını istəmirlər. Türkiyə ilə Yunanıstan arasında bir balans var idi. Hazırda bu balansı pozmağa cəhdlər edirlər. Türkiyə ilə Azərbaycan qardaşlığının önünü kəsmək istəyən Qərb və ərəb dünyası var. Bizim birgə fəaliyyətimiz çoxlarını təşvişə salıb. Yunanıstan Ərəb yarımadası, körfəz ölkələri və Misirlə əlaqələrini genişləndirir, Ermənistanı dəstəkləyir. Türkiyə-Azərbaycan qardaşlığına qarşı cəbhə yaratmağa çalışırlar. Ancaq iki qardaş ölkə qətiyyətli addımlarla yoluna davam edir,- Ünal Atabay bildirib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə Zəngəzur dəhlizinin açılması çox vacib və önəmlidir: "Əgər Ermənistan Zəngəzur dəhlizini açmaqdan imtina etsə, nə baş verə bilər? Bunun cavabı sadədədir. Zəngəzur əslində Azərbaycanın tarixi torpağıdır və Azərbaycanın Zəngəzur dəhlizini Naxçıvana bağlamaq gücü var. Bunu bütün dünya, həmçinin Ermənistan və İran da bilirlər".
Bəxtiyar Məmmədov
AzVision.az
Teqlər: Türkiyə Azərbaycan