Müharibənin 31-ci günü: Bərdə raket atəşinə tutuldu

    Müharibənin 31-ci günü:  Bərdə raket atəşinə tutuldu
  27 Oktyabr 2021    Oxunub :493
Müharibənin ilk günündən mülki əhali ilə müharibə aparmadığını bildirən Azərbaycan hətta Ermənistan mütəmadi şəkildə dinc insnalarımızı və mülki obyektlərimizi bombalayaraq, 100-lərlə insanı qətlə yetirdikdə belə öz prinsipial mövqeyindən çəkilmədi. Beynəlxalq aləmin sərt reaksiyasını görməyən və havadarlarına güvənən düşmən isə bu cinayətləri törətməkdə davam edirdi. Ötən il oktyabrın 27-si xalqımızın tarixinə növbəti belə bir cinayətin törədildiyi gün kimi düşdü.
Müharibənin 31-ci günü cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmənin hücum cəhdlərinin dəf edilməsi nəticəsində geri oturdulan erməni hərbi bölmələri xeyli sayda canlı qüvvə və texnika itirdilər. Məhv edilənlərdən biri 18-ci motoatıcı diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan idi. Sözügedən diviziyanın
ön idarəetmə məntəqəsi darmadağın edildi.

Həmin gün Qarabağda ağır yaralanan separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın bir qədər sonra öldüyü məlum oldu.

Daha 35 hərbçisinin öldüyünü açıqlayan rəsmi İrəvan bununla canlı itkilərin sayının 1037-yə çatdığını bildirdi.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Armen Abazyan isə sərhəd qoşunlarının döyüşlərdə iştirak edən şəxsi heyəti arasında 37 ölünün və 243 yaralının olduğunu söylədi. Daha 4 sərhədçinin isə itkin düşdüyü açıqlandı.

Müharibənin 31-ci günü cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.

Bu məğlubiyyətlər qarşılığında daxildə günahkar axtaran Ermənistan hakimiyyəti Milli Təhlükəsizlik Xidmətinin (MTX) əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyanı istefaya göndərdi.

“Müstəqil” Ermənistanın ilk baş naziri və ikinci müdafiə naziri olmuş hazırda Milli Demokratik Birlik partiyasına sədrlik edən Vazgen Manukyan isə baş nazir Paşinyanın özünü istefa verməyə çağırdı.

- Biz tariximizin biabırçı və dağıdıcı səhifəsini yaşayırıq. Yalnız “Artsax” deyil, həmçinin Ermənistan, ermənilərin gələcəyi də təhlükə altındadır. Vəziyyəti dəyişdirmək üçün bu hökumət istefaya getməli, bütün hakimiyyəti orduya təhvil verməlidir. Bunu dağıdıcı zərbələr olmadan könüllü şəkildə etməlidirlər. Əks təqdirdə hər şeyi itirə bilərik ,-Manukyan bildirdi.

Mütəmadi şəkildə uğradığı məğlubiyyətlər qarşılığında Ermənistan yenə də Azərbaycanın dinc əhalisini və mülki obyektlərini hədəfə alır, onları raket atəşinə tuturdu. 2020-ci il oktyabrın 27-də düşmən Goranboy, Tərtər, Ağcabədi və Bərdəyə 50-yə yaxın mərmi atdı. Saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriya atəşinə tutulması nəticəsində 4 nəfər mülki şəxs qətlə yetirildi, 10 nəfər uşaq və qadın isə yaralandı. Bu itkilərlə Ermənistanın hücumları nəticəsində həyatını itirən mülki şəxslərin sayı 69-a, yaralananların sayı isə 322-yə çatdı.



Bu reallıqlar fonunda Fransanın “Le Figaro” qəzetinin Bakıya ezam olunmuş xüsusi müxbiri Emmanuel Qrınzpan “Bakı Dağlıq Qarabağa necə daxil oldu” sərlövhəli məqaləsində Azərbaycanın Ermənistan ərazilərinə müdaxilə etmək niyyətinin olmadığını, ancaq Ermənistanın Gorus və Qafandan Azərbaycan ərazilərini atəşə tutduğunu yazdı. Fransalı müxbir döyüşlərin yalnız Azərbaycan torpaqlarında getiyini və Azərbaycanın yalnız hərbi obyektləri hədəfə aldığını xüsusi vurğuladı.

Azərbaycanın məhz Ermənistanın hərb maşını ilə vuruşduğunu, düşmənin bütün cinayətlərinə yalnız döyüş meydanlarında layiqli cavab verildiyini Prezident İlham Əliyev İtaliyanın Rai-1 telekanalına müsahibəsində bir daha diqqətə çatdırdı.

Dövlət başçısı həmin gün dünya ictimaiyyətinə, Ermənistana və onun havadarlarına bu mesajları ünvünladı.

- Biz elə cavab verdik ki, indi onlar təəssüflənirlər;
- İşğalçı siyasətdən imtina etsə, barışıq mümkündür;
- Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik.


Tezliklə Azərbaycan özü Şuşaya qayıtdı və Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi. Çoxdan gözlədiyimiz həmin ana qədər isə Silahlı Qüvvələrimiz Vətən müharibəsində növbəti uğur yürüşünü davam etdirirdi.

Sahil İsgəndərov
AzVision.az

Teqlər: Müharibə   Bərdə  







Xəbər lenti