Yaponiya şahzadəsi Mako ailə həyatı qurub

Yaponiya şahzadəsi Mako ailə həyatı qurub
  26 Oktyabr 2021    Oxunub:913
Yaponiyanın İmperator Narhitonun qardaşı vəliəhd-şahzadə Akişinonun qızı Mako oktyabrın 26-da tələbə yoldaşı olmuş Key Kamura ilə rəsmi olaraq ailə həyatı qurub.
AzVision.az xəbər verir ki, mərasim paytaxtın Şibuya rayon bələdiyyəsinin binasında keçirilib. Yaponiya KİV-lərinin yaydığı məlumata görə, yeni evlənənlərin heç birinin iştirak etmədiyi nikah bağlama mərasimində lazım olan bütün sənədləri İmperator Saray Dəftərxanasının nümayəndəsi təqdim edib.

Yeni ailə quranların günün ikinci yarısında mətbuat konfransına qatılacaqları və jurnalistlərin qarşısında müraciətlə çıxış edəcəkləri gözlənilir. Həmçinin onların mətbuat nümayəndələrinin əvvəlcədən yazılı şəkildə təqdim etdikləri beş sualı cavablandırcağı da bildirilir. Konfrans zamanı əlavə sualların səsləndirilməsinə icazə verilməyəcəyi qeyd edilir. Bu addımın yeni ailə quranların K.Komuranın ailəsində yaranan maliyyə problemi və cəmiyyətin bəzi hissəsinin bu nikaha göstərdiyi münasibətlə əlaqədar yaşadıqları stressdən qorunması məqsədilə atıldığı bildirilir.

Maraqlıdır ki, bundan sonra Mako Kamura adını daşıyacaq şahzadə Makonun mətbuat konfransının keçiriləcəyi yerə 3 saat yarım əvvəl gəldiyi də qeyd edilir. Həmçinin bildirilir ki, Makonun gənc nişanlısı da valideynlərinin Tokionun yaxınlığındakı Yokohama şəhərində yerləşən mənzilini tərk edərək paytaxta yola düşüb. Bu zaman o, binanın qarşısına toplaşan jurnalistlərin qarşısında baş əyib, lakin onlarla ünsiyyətə girməyib.

Şahzadə Makonun nikah bağlanmasından bir neçə gün əvvəl valideynlərini, həmçinin Fəxri İmperator Akihito və Fəxri İmperatriçə Miçikonu ziyarət etdiyi də bildirilir. Bu görüşlərin vidalaşma xarakteri daşıdığı və İmperator ailəsini tərk edən şahzadə Makonun bundan sonra adi vətəndaşa çevriləcəyi qeyd edilir. Bununla yanaşı, şahzadənin ailə qirması üçün dövlət tərəfindən ayrılan 150 milyon yen (təqribən 1,3 milyon dollar) vəsaitdən imtina etdiyi də bildirilir.

Yeni ailə quran gənclərin bir müddət Tokioda kirayələdikləri evdə yaşayacağı, sonradan Nyu-Yorka yola düşəcəkləri gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti