ABŞ Əfqan pullarının donunu açmır

ABŞ Əfqan pullarının donunu açmır
  25 Oktyabr 2021    Oxunub:908
Bayden administrasiyası humanitar qrupların təkidinə baxmayaraq, Əfqanıstanın ABŞ-da dondurulmuş qızıl, investisiya və xarici valyuta ehtiyatlarını azad etməyi planlaşdırmır. Humanitar qruplar isə bunun nəticəsində Əfqanıstan iqtisadiyyatının çökəcəyindən ehtiyat edirlər.
Əfqanıstan mərkəzi bankının 10 milyard dollarlıq aktivinin böyük hissəsi xaricdədir və Qərb bu aktivlərə qoyulmuş qadağalar vasitəsilə Talibana təzyiq göstərərək qadın hüquqlarının və qanunun aliliyinin qorunmasını təmin etmək niyyətindədir. Maliyyə ekspertlərinin fikrincə, aktivlərin sərbəstləşdirilməsi üçün hər hansı bir əməliyyat bir neçə ay çəkə bilər.

ABŞ Dövlət Departamenti, Maliyyə Nazirliyi, Ağ Evin Milli Təhlükəsizlik Şurası və digər hökumət təşkilatları avqustun ortlarından etibarən Əfqanıstanın maliyyə vasitələri ətrafında müntəzəm müzakirələr aparırlar. BMT və digər beynəlxalq təşkilatlar isə gözlənilən humanitar fəlakət barədə xəbərdarlıq edirlər. Ekspertlərin fikrincə, aktivlərin sərbəst buraxılması barədə qərar ABŞ-ın bir sıra departamentlərinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə verilsə də, nəticə etibarilə Prezident Co Baydendən asılı olacaq.

Xarici yardımların və dollar tədarükünün dayandırılması nəticəsində yaranmış nağd pul çatışmazlığı Əfqanıstanda ərzaq və yanacağın qiymətinin xeyli artmasına səbəb olub. Bu prosesdə ölkədə davam edən quraqlıq da öz rolunu oynayır.

ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsi Reuters agentliyinə bildirib ki, Talibana qarşı sanksiyalar və onun qlobal maliyyə sistemi ilə əlaqəsinə qoyulan məhdudiyyətlər yüngülləşdirilməyəcək. ABŞ hökuməti Əfqanıstandakı humanitar tərəfdaşlarla sıx əlaqədədir və onların təhlükəsiz şəraitdə fəaliyyəti üçün səylərini əsirgəmir. Beynəlxalq Valyuta Fondu da ötən ay buraxılmış 440 milyon dollarlıq yeni fövqəladə ehtiyatlara Talibanın çıxışını bağlayıb.

Ekspertlər bildirirlər ki, Əfqanıstan beynəlxalq birlik tərəfindən tanınmayınca ABŞ əfqan aktivlərini leqal şəkildə sərbəst buraxa bilməz. BFV də yalnız hökumət tanınandan sonra öz idarə heyətinin səsverməsi ilə hərəkət edə bilər.

Zümrüd
AzVision.az


Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti