Xorvatiya ilə mədəni əməkdaşlıq genişləndiriləcək

Xorvatiya ilə mədəni əməkdaşlıq genişləndiriləcək
  27 Oktyabr 2021    Oxunub :312
Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiya”nın iclasında iştirak etmək üçün Xorvatiyada səfərdədir.
Mədəniyyət Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində Anar Kərimovun Xorvatiyanın mədəniyyət və media naziri xanım Nina Obulyen Korjineklə görüşü keçirilib.

Görüşdə Nazir Nina Obulyen Korjinek Xorvatiya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin və mədəni əlaqələrin inkişafına böyük önəm verdiklərini bildirib. Qeyd edib ki, Xorvatiyada inkişaf etmiş mühüm sahələrdən olan audiovizual sektorun əsas prinsiplərini qarşı tərəflə bölüşməyə hazırdırlar. O, həmçinin 2021-ci ilin Xorvatiyada “Oxu ili” kimi qeyd olunduğunu vurğulayaraq, Azərbaycanla kitab sənayesi, nəşriyyatlararası əməkdaşlığın şaxələndirilməsi, eləcə də tərcümə sahəsinin gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Xanım nazir işğaldan azad olunmuş Azərbaycan ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsində Xorvatiyadan olan mütəxəssislərin təcrübələrini bölüşməyə hazır olduqlarını dilə gətirib.

Nina Obulyen Korjinek söhbət zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” platforması çərçivəsində keçirilən tədbirlərdə iştirakından məmnuniyyətini bildirib.

Anar Kərimov öz növbəsində Azərbaycanla Xorvatiya arasındakı əməkdaşlığın bir çox sahədə uğurla davam etdiyini vurğulayaraq, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və mədəniyyət sahəsində tərəfdaşlığı yüksək dəyərləndirdiyini deyib. Nazir işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsində, habelə yenidənqurma və bərpa məsələlərində Xorvatiyanın ölkəmizə dəstəyini yüksək qiymətləndirib. Gələcəkdə ölkələrimiz arasında energetika və İT sahəsi üzrə bir sıra layihələrdə birgə sıx fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.

Mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən bəhs edən Anar Kərimov iki ölkənin milli kitabxanaları və dövlət muzeylərinin əlaqələrinin daha geniş vüsət alacağından əminliyini bildirib. Mədəni irsin qorunması sahəsində də Xorvatiyanın təcrübəsindən faydalanmağın əhəmiyyəti qeyd olunub.

Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən dünya təcrübəsinə əsaslanaraq mədəniyyət siyasətinin gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm işlərin görüldüyünü və bu kontekstdə Azərbaycan-Xorvatiya əməkdaşlığının önəmini qeyd edib. Nazir həmkarının dövlətimizin BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə təsis etdiyi "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyası ilə bağlı çağırışa qoşulmağından məmnuniyyətini vurğulayıb.

Görüş hər iki tərəfi maraqlandıran bir sıra mühüm müzakirələrlə davam etdirilib.

AzVision.az

Teqlər: Xorvatiya  







Xəbər lenti