"Uçan kompüter": "F-35" ilə "F-16"nın əsas fərqi nədir?

  "Uçan kompüter":  "F-35" ilə "F-16"nın əsas fərqi nədir?
  24 Oktyabr 2021    Oxunub:7614
Hərbi-texniki sahədə əməkdaşlıq müstəvisində Ankara ilə Vaşinqton arasında gərginlik səngiməkdədir. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın ABŞ-dan yeni "F-16" təyyarələrinin alınması proseduruna başlanıldığını bəyan etməsi belə düşünməyə əsas verir.
"Vaşinqtonun bir sıra məsələlərdə Türkiyəyə qarşı sərgilədiyi qərəzli mövqe Ankaranı 2019-cu ilin iyulunda Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq məcburiyyətində qoydu. Bunun əvəzində 2020-ci ilin martında Vaşinqton 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin istehsalında Ankaranın iştirakına xitam verərək, əvəzində Türkiyəyə 4-cü nəsil "F-16" yüngül qırıcı təyyarələrinin yeni partiyasını almağı təkilf etdi. Son 1,5 ildə Vaşinqtonun siyasətini haqlı tənqid edən və "F-35" təyyarələrinin istehsalına artıq 1,4 milyard dollar xərcləmiş Türkiyə indi təzminat məsləsini gündəmə gətirsə də, layihəyə qayıtmaq əzmindədir.


Bəs "F-35" ilə "F-16"nın əsas fərqləri nədir? Bunu müəyyənləşdirmək üçün onların texniki göstəricilərinə nəzər salmaq zəruridir.

Yüngül qırıcılar seriyasına daxil olan və “Faytinq Falkon” (“şığıyan şahin” və ya “döyüş şahini”) adlandırılan 4-cü nəsil F-16 çoxfunksiyalı təyyarələri 1979-cu ildə istismara verilməyə başlayıb. Universallığı və nisbətən elə də baha olmayan qiyməti baxımından "F-16" 4-cü nəsildən olan qırıcılar arasında istehsal sayına görə ən kütləvisidir. Beynəlxalq silah bazarında uğur qazanan və 25 ölkənin Silahlı qüvvələrində istismar olunan bu qırıcı hazırda dünyada ən çox yayılmış hərbi təyyarədir. Bu müddət ərzində "F-16"ların 13 modifikasiyası istehsal edilib.

İlkin variantda informasiyanın işlənməsi üçün tam rəqəmsal sistemlə təchiz edilmiş qırıcılar həm yerdəki, həm də səmadakı hədəflərlə “işləyə” bilirdilər. Təyyarənin hərbi arsenalı 20 mm-lik M61A1 “Vulkan” silahından, kiçik mənzilli “səma-səma” tipli 6 “AIM-9 Sidewinder” raketindən, habelə idarəolunmayan zərbə vasitələrindən (sərbəst təcilli bombalardan) ibarət idi. Sonrakı təkmilləşdirilmələr nəticəsində hədəfi vizual şəkildə görmədən belə orta uzaqlıqda raket döyüşü aparmaq və yerdəki hədəfləri vura bilmək hesabına "F-16" çoxməqsədli hərbi təyyarəyə çevrildi.


1988-ci ilin dekabrında isə "F-16" artıq qaranlıqda zərbə endirmək imkanı qazandı. Daha bir yenilik qırıcıların sursat arsenalına “AIM-120 AMRAAM” tipli 4 orta mənzilli raketin salınması oldu.
Bununla belə, istismarda olduğu müddətdə "F-16" 650 dəfə qəza uğrayıb. Bu zaman 208 pilot və qəza zonasında 98 nəfər həlak olub. Maraqlıdır ki, bu uğursuzluqda təyyarənin istehsalçısı ABŞ liderlik edir. Qəzaya uğrayan qırıcıların 286-sı məhz ABŞ-ın payına düşür.
Bütün lokal müharibələrdə isə "F-16"ların sırasında ümumi itki 160 təyyarə təşkil edir. Yəqin elə bu səbəbdən də Vaşinqton bu qırıcıların bütün modifikasiyalarını 2017-ci ildən ancaq ixracata yönəldib. Pentaqon artıq "F-16"lar sifariş etmir.

Hazırda ABŞ ölkənin demək olar ki, bütün hücum aviaparkını yeniləyəcək 5-ci nəsil "F-35" qırıcılarının istehsalı üzərində baş sındırır.


Aviasiya tarixində ən iddialı proqram olan JSF çərçivəsində "F-35" təyyarəsinin istehsalının əsas məqsədi Hərbi hava qüvvələri (HHQ), Donanma və dəniz piradaları aviasiyası üçün vahid hərbi təyyarənin yaradılmasıdır. Təyyarənin 3 modifikasiyası arasında minimal fərqlər olmalıdır. Gəminin göyərtəsində yerləşmək üçün təyyarənin gücləndirilmiş şassiləri, katapult vasitəsilə uçmaq və təyyarənin hərəkətini əylədən trosla dayandırılması imkanı olmalıdır. Dəniz piyadaları üçün nəzərdə tutlan variantda isə "F-35" daha qısa məsafədən uçuşa və şaquli enişə malikdir. Bu mənada təyyarələrin yerləşməsi üçün böyük aerodromlara və yaxşı hazırlanmış uşuş-eniş zolaqlarına ehtiyac duyulmur ki, bu da hazırlıq aparılmadan sahilə dəniz piyadalarının çıxışının aviasiya tərəfindən dəstəklənməsində çox önəmlidir.

Digər tərəfdən, 17 tonluq "F-16"nın ən yeni proqram təminatı ilə modernləşdirilməsi çox çətin olduğundan yeni “təmiz dizayn” ideyası üstün gəlib. Təsadüfi deyil ki, "F-35" qırıcılarını “uçan kompüter” adlandırırlar. Bu “kompüter”ə süni intellekt kimi ötürücüləri uzlaşdıran saysız-hesabsız qurğular, 360 dərəcəli görüntünü təmin edən kameralar, məlumatların ötürülməsini daha da təkmilləşdirən kanallar, təhlükələr barədə hazır məlumatlar bazası və yüksək dərəcədə kompüterləşmiş logistika sistemi daxildir.

2015-ci ilin noyabrında “F-35 Lightning II” təyyarəsində uçuş həyata keçirən norveçli pilot mayor Morten Xanşe bu təyyarənin xüsusi əhəmiyyətini vurğulayaraq, onu bombardmançı adlandıranların təyyarəni gördükdən sonra təəccüblənəcəklərini bildirib.
- Mənim fikrimcə, "F-16"dan fərqli olaraq bu, irəlidə getməyə və özünü daha aqressiv aparmağıma imkan verən təyyarədir. Düşməni nişan almaq bacarığının yaxşılaşdırılması "F-16"dan daha tez hərbi sursatı işə salmağa imkan verir. Ən kəskin bucaq altında baş verən hücumlar zamanı "F-35" pedalların basılmasına daha tez reaksiya verir ki, bu da təyyarənin burnunu kənara yayındırmağa imkan yaradır. Bundan başqa "F-35"in sürəti azaltmaq imkanı "F-16"dan kifayət qədər yüksəkdir. Hücum vaxtı düşmən təyyarəsinin sənə dönüşü zamanı aradakı məsafə çox tez azalmağa başlayır. Bu zaman "F-35"in tez “əylənmək” bacarığı düşmənə istiqamətlənmə müddətini uzadır ki, bu da ona daha tez atəş açmaq imkanını artırır - Morten Xanşe qeyd edib.


Bununla belə, norveçli mayor böyük yüklənmələrdə və yüksək bucaq altında həyata keçirilən hücumlar zamanı "F-35"də “baftinq”in (silkələnmənin) əmələ gəldiyini bildirib. Amma belə hal "F-16" qırıcısında daim baş verir.
F-35 çoxfunksiyalı 5-ci nəsil qırıcı təyyarəsi barədə Morten Xanşenin qiymətləndirməsinin əhəmiyyəti onun F-16 təyyarələrində 2000 saatdan çox uçuş həyata keçirməsi ilə bağlıdır. İki nəsil qırıcıları arasındakı fərqi isə məhz belə peşəkarlar daha düzgün qiymətləndirə bilərlər.

Əksər mütəxəssilər isə 2000-ci illərdə yaradılan "F-35"i total texnoloji üstünlüyün nəticəsi kimi dəyərləndirirlər. Təyyarənin bir uçuş saatının kifayət qədər ucuz – 10-12 min dollara başa gəlməsi onun effektliliyinin daha bir sübutudur. "F-35"in onsuz da çox geniş olan silah arsenalına isə tezliklə hipersəsdən sürətli raketlərin də əlavə ediləcəyi istisna deyil.
Təyyarənin modifikasiyasından asılı olaraq, onun arsenalına “səma-səma” tipli müxtəlif raketlər, qanadlı raketlər, kassetli bombalar, hətta B61 taktiki nüvə bombası da daxil olmaqla digər yüksək texnologiyalı silahlar salına bilər.

Bəzi mütəxəssilər 2025-ci ilə “F-35 Lightning II”-nin praktik olaraq Raket əleyhinə müdafiə (RƏM) sisteminin uçan variantına çevriləcəyini, ballistik raketləri aşkarlaya, müşahidə edə və hətta gümn ki, vura biləcəyini vurğulayırlar.

Məhz bu amillər 5-ci nəsil qırıcısı olan "F-35"i son 42-43 ilin ən məşhur və ən etibarlı qırıcı təyyarəsi kimi qəbul edilən "F-16"dan köklü şəkildə fərqləndirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: F-16   F-35  





Xəbər lenti