Zəngilandakı rəqəmsal yarımstansiyaya "Yaşıl enerji" inteqrasiya olunacaq

   Zəngilandakı rəqəmsal yarımstansiyaya "Yaşıl enerji" inteqrasiya olunacaq
  21 Oktyabr 2021    Oxunub:1087
Zəngilanda 35/10 kV-luq 240 kilometrlik və 0,4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti tamamilə yenidən qurulacaq. Ənənəvi təchizat sxemindən fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi baxımdan daha səmərəlidir. Yeni qurulacaq şəbəkədə “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaq.
AzVision.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya etdiyi məruzədə bildirib.

Onun sözlərinə görə, dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamında qarşıya qoyulan vəzifələrin icrası üçün “Azərişıq” Paylayıcı Şəbəkələrin Yaşıl Enerji Zonası tələbləri üzərində qurulmasına start verib, “Ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb. Belə yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir.

Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu tipli yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir.

Ən əsası, “Yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.

AzVision.az



Teqlər: Ferma  





Xəbər lenti