"Azərbaycanın qələbəsi Pakistanda da coşqu ilə qeyd olundu"- Əsəd Qeysər

"Azərbaycanın qələbəsi Pakistanda da coşqu ilə qeyd olundu"-   Əsəd Qeysər
  19 Oktyabr 2021    Oxunub:989
Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
AzVision.az xəbər verir ki, rəsmi qəbulda Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər, deputatlar, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici ölkələrin səfirləri, digər diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ölkəmizin 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etməsi ilə bağlı ətraflı məlumat verib. Müstəqilliyin ilk illərində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də dövlətçiliyimiz üçün ciddi təhdidlər və risklərin olduğunu deyən səfir məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin ölkəyə qayıtdığını diqqətə çatdırıb. Səfir ümummilli lider Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldırdığını, bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını vurğulayaraq, Ulu Öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu söyləyib.

X. Fərhadov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən siyasətin -hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu qeyd edib.

Səfir 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 30 ilə yaxın erməni işğalında olan Azərbaycan torpaqlarını azad etməsindən, orada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən söz açıb.

Diplomat ölkələrimizin əməkdaşlığından danışaraq Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib, bu illər ərzində, xüsusilə Vətən müharibəsi dövründə ölkəmizə göstərilən siyasi və mənəvi dəstəyi vurğulayıb, Pakistan hökumətinə və xalqına təşəkkürünü ifadə edib. Həmçinin ölkələrimiz arasında ikitərəfli və Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.

Ə.Qeysər Azərbaycan ilə Pakistan arasındakı səmimi münasibətlərdən söz açıb, Azərbaycan hökuməti və xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş igid əsgər və zabitlərimizin xatirəsinin dərin hörmət və ehtiramla yad edilməsi üçün sentyabrın 27-də İslamabadın rəmzi olan “Pakistan abidəsi”nin Azərbaycan bayrağı ilə işıqlandırıldığını vurğulayıb.

Ölkəmizin 44 günlük Vətən müharibəsindən söz açan Assambleyanın sədri Azərbaycanın Qələbəsinin çox böyük uğur olduğunu deyib. O, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin Pakistanda da coşqu ilə qeyd edildiyini xüsusi vurğulayıb və Azərbaycan hökumətini, Silahlı Qüvvələrini və xalqını bu Qələbə münasibətilə təbrik edib.

Ə.Qeysər iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə, xüsusilə parlamentlər səviyyəsində daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan-Pakistan dostluğunu nümayiş etdirən və hər iki ölkənin bayraqlarının əks olunduğu rəmzi tort kəsilib.

Tədbir boyu Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialını əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilib, iştirakçılara kitablar, bukletlər və digər əyani materiallar paylanıb.

Mərasim Pakistanın televiziya kanalları və aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.


AzVision.az



Teqlər: Pakistan   Azərbaycan   Səfir  





Xəbər lenti