Tanınmış rəssamlar Azərbaycan turizmini rəsmə köçürəcək

Tanınmış rəssamlar Azərbaycan turizmini rəsmə köçürəcək
  18 Oktyabr 2021    Oxunub:1633
Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə Qubada yerləşən “Shahdag Guba & Truskavets Medical Sanatorium” mərkəzində sayca 3-cü rəngkarlıq simpoziumu keçirilir.
Bu barədə AzVision.az -a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Məlumata görə, simpozium oktyabrın 24-ə kimi davam edəcək. Simpoziumda Azərbaycanın əməkdar rəssamları Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Diana Əliyeva, Raida Mustafayeva, Ramina Saadatxan, Elşən Qaraca və Adil Yusif iştirak edirlər.

Belə ki, Vətən müharibəsi nəticəsində qazanılmış zəfərin ildönümünü ərəfəsində baş tutan simpoziumda qalibiyyətdən ilhamlanan rəssamlar Vətən uğrunda döyüşən qəhrəmanları vəsf edən mövzulara üstünlük verəcəklər.

Mədəniyyət və sosial yönümlü layihənin məqsədlərindən biri də rəssamların bölgənin turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq onları rəsmə köçürmələrini təmin etmək, həmçinin fərqli formada təbliğ və təşviq etməkdir.

Bununla yanaşı, simpozium çərçivəsində rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə “Ustad dərsləri” keçiriləcək.

Simpozium günlərində xalq artisti Malik Mənsurovun rəhbərlik etdiyi “Naz-nazı” muğam qrupunun iştirakı ilə konsert proqramı təşkil ediləcək, eləcə də sənətşünas Elçin Şamili dünya rəngkarlıq sənəti ilə bağlı leksiya ilə çıxış edəcək.

Sayca üçüncü olan “Art Zone Week” simpoziumu Dövlət Turizm Agentliyinin, “Savalan ASPİ” və “Shahdag Guba & Truskovets Medical Sanatorium” mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Simpozium müddətində rəssamların ərsəyə gətirdikləri sənət əsərləri 2022-ci ilin yanvar ayının ortalarınadək “Shahdagh Guba & Truskovets Medical Sanatorium” mərkəzində sərgilənəcək.

AzVision.az



Teqlər: Turizm   Rəssam  





Xəbər lenti