"Əfqanıstan xalqı ilə həmrəylik nümayiş etdirməliyik"- Ərdoğan

  12 Oktyabr 2021    Oxunub :389
   "Əfqanıstan xalqı ilə həmrəylik nümayiş etdirməliyik"-   Ərdoğan
Beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqına arxa çevirmək və ya bu ölkəni öz taleyi ilə təkbaşına buraxmaq kimi seçimi yoxdur.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə Görüşünün Əfqanıstana dair fövqəladə toplantısında ifadə edib.

Toplantıya İstanbulun Vəhdəttin köşkündən videokanfrans vasitəsilə qoşulan Türkiyə Prezidenti G20-ni dünyanın üzləşdiyi çətinliklər qarşısında əməkdaşlıq üçün əsas platforma olaraq gördüyünü bildirib.

Əfqanıstanda baş verən hadisələrin yalnız siyasi və humanitar deyil, iqtisadi və maliyyə sahələrinə də təsirsiz ötüşmədiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan bu ölkədə təhlükəsizliyin və sabitliyin ən qısa zamanda təmin olunmasının təkcə bölgədə deyil, beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb etdiyini, dialoq kanallarını açıq saxlayaraq “Taliban”ı tədricən əhatəli hökumət qurmağa yönəltməyin vacibliyini deyib.

Əfqanıstan xalqının 40 ildən çoxdur qeyri-sabitlik, münaqişə və terrorun dağıdıcı nəticələri ilə yanaşı, siyasi qeyri-müəyyənliklə də mübarizə apardığını diqqətə çatdıran Prezident Ərdoğan bildirib: “Belə bir dövrdə beynəlxalq ictimaiyyətin Əfqanıstan xalqına arxa çevirmək və ya bu ölkəni öz taleyi ilə təkbaşına buraxmaq kimi seçimi yoxdur. Siyasi prosesdən asılı olmayaraq, ölkədə dərinləşən humanitar böhran səbəbindən Əfqanıstan xalqı ilə güclü həmrəylik nümayiş etdirməliyik. Türkiyənin Qızıl Aypara Cəmiyyəti bu yaxınlarda Əfqanıstana 33 ton ərzaq yardımı etdi. Bundan başqa, hərtərəfli humanitar yardım paketi üzərində işləyirik”.

Türkiyə Prezidenti Əfqanıstandakı qeyri-sabitliyin dünyada nizamsız miqrasiyaya da səbəb ola biləcəyinə diqqət çəkib. Hazırda Türkiyədə təqaüdlə təhsil alan 1100 əfqan tələbənin olduğunu qeyd edən Ərdoğan bu yardımların davam etdiriləcəyini söyləyib.

Azvision.az


Teqlər: Ərdoğan   Əfqanıstan   Türkiyə  







Xəbər lenti