Suriyadan Qafqaza qədər: Putin-Ərdoğan görüşü niyə bu qədər vacib idi - TƏHLİL

  Suriyadan Qafqaza qədər:  Putin-Ərdoğan görüşü niyə bu qədər vacib idi -  TƏHLİL
  30 Sentyabr 2021    Oxunub:3430
Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşündə iki ölkə liderinin təxminən 3 saatlıq təkbətək qapalı danışıqlarının mahiyyəti və nəticələri barədə bir sıra ehtimallar səsləndirilir. Prezidentlərin sağollaşarkən verdikləri nikbin bəyanatlar isə onların növbəti dəfə ortaq məxrəcə gəldiklərindən xəbər verir.
İstənilən yüksək səviyyəli görüş ərəfəsində ən azı əsasən hansı mövzuların müzakirə olunacağı və tərəflərin gözləntiləri barədə açıqlamalar verilir. Məsələn, Kremlin mətbuat xidməti prezidentlərin siyasi və iqtisadi-ticari sahədə Rusiya-Türkiyə münasibətlərinin müxtəlif aspektlərini, Güney Qafqazda hadisələrin inkişafını müzakirə edəcəklərini bildirdi. Rusiya və Türkiyə prezidentləri də yalnız tərcüməçilərin iştirakı ilə keçirilən görüşdən əvvəl müzakirə mövzusu olacaq məsələlərin anonsunu verdilər. Soçiyə gəldikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinə hərbi-sənaye kompleksi sahəsində əmədaşlıq təklif etdiyi bildirildi.
-Bizim həyata keçirdiyimiz, sona çatdırdığımız addımlar var və bu məsələdə geriyə yol yoxdur, - Ərdoğan vurğulayıb.

Açıq və qapalı tərəflər

Bununal yanaşı, Türkiyə prezidenti Suriyadakı vəziyyətlə bağlı iki ölkənin birgə addımlarının vacibliyini və regionda sülhün Moskva ilə Ankaranın münasibətlərindən asılı olduğunu qeyd edib. Ərdoğan “Rosatom” şirkətinin iştirakı ilə Türkiyənin Mersin vilayətində inşa olunan ilk “Akkuyu” AES-də tikinti işlərilə tanış olduğunu və artıq gələn il stansiyanın birinci blokunun istismara verilə biləcəyini də diqqətə çatdırıb. O, yayda Türkiyənin üzləşdiyi meşə yanğınları ilə mübarizədə göstərdiyi yardıma görə rusiyalı həmkarına təşəkkür edib.
Ərdoğan Baydenlə görüşəcək

Qapalı görüşdən əvvəl Putinin də səsləndirdiyi publik bəyanat diplomatik etiket qaydaları çərçivəsində olub.
- Moskva və Ankara qarşılıqlı faydalılıq əsasında kompromislər tapmağı öyrəniblər. Danışıqlar bəzən elə də asan getmir, amma sonda müsbət nəticələr əldə olunur. Beynəlxalq xətt üzrə biz yetərincə uğurlu əməkdaşlıq aparırıq. Mən həm Suriyanı, həm bizim əlaqələri, həm də Liviya üzrə mövqelərimizin uzlaşdırılmasını nəzərdə tuturam. Azərbaycanla Ermənistan sərhədində atəşkəsə nəzarət üzrə rus-türk mərkəzi fəal şəkildə işləyir. İki ölkənin əməkdaşlığı sabitliyə təminat verir,- Rusiya prezidenti qeyd edib.

Putin “Türk axını”nın inşası məsələsində tutduğu mövqeyə görə türkiyəli həmkarına minnətdarlığını bildirib. O, habelə Rusiyadan Türkiyəyə turist axınının artmasından da məmnunluğunu ifadə edib.

Maraqlıdır ki, 3 saata yaxın sürən qapalı görüşdən sonra da prezidentlərin bölüşdükləri təəssüratlar nikbinliyi ilə seçilib. Öz "Telegram" kanalında rusiyalı həmkarı Vladimir Putinlə birgə şəklini paylaşan Türkiyə prezidenti Soçidəki danışıqların məhsuldar olduğunu yazıb. Vladimir Putin isə Ərdoğanla müzakirələrin faydalı və məzmunlu olduğunu deyib.

Bəs bu görüşlə bağlı əsas diqqət yetirilməli olan məqamlar hansılardır?

Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla görüş naminə iki həftəlik özünütəcrid rejimindən çıxması, daha dəqiq desək, bu rejimdən sonra ilk görüşünü türkiyəli həmkarı ilə, özü də 2 saat 45 dəqiqə qapalı rejimdə keçirməsi həqiqətən də çox ciddi məsələlərin müzakirəsinə böyük ehtiyacın yarandığından xəbər verir. Əks təqdirdə görüş videformat şəklində keçirilə bilərdi. Təsadüfi deyil ki, görüşün tarixi qabaqcadan açıqlansa da, onun offlayn, yoxsa onlayn formatda keçiriləcəyi dəqiq məlum deyildi. Vladimir Putinin məhz əksər hissəsi qapalı keçirilən canlı görüş formatını seçməsi danışıqların önəmini göstərir.

Hazırda dünyanın aparıcı dövlətlərinin elementar diplomatik etiket və öhdəlik prinsiplərini fikirləşmədən tapdalamaları fonunda Türkiyə və Rusiya prezidentlərinin bir-birinin müsbət şəxsi keyfiyyətlərinə yanaşmaları önəmli məqamdır.

Suriya

Son vaxtlar Suriyanın İdlib vilayətində yaşanan hadisələr bu görüşün təxirə salınmasını mümkünsüz edirdi. Yeri gəlmişkən, Rusiya və Türkiyə prezidentlərinin ötən ilin martında baş tutan sonuncu görüşü də məhz İdlibdə tərəfləri hərbi toqquşmaya gətirib çıxara biləcək hadisələrin qarşısının alınmasına həsr olunmuşdu. İdlib müstəvisində Moskva ilə Ankara çətinliklə ortaq məxrəcə gəlsələr də, onların məhz burada hərbi toqquşma riski çox böyükdür. Bu təhlükə Suriyada çoxsaylı terrorçu qruplaşmaları dəstəkləyən dövlətlərin Yaxın Şərqdə apardıqları oyunlar sayəsində daha da artır.
İdlibdə vəziyyət avqustun əvvəlindən yenidən gərginləşməyə başlayıb. Bəzi mənbələr təkcə sentyabrda Rusiyanın hərbi-kosmik qüvvələrinin İdlib zonasına 200-dən çox zərbə endirdiyini bildirirlər. İdlibdə bomba partlaması nəticəsində 3 türk əsgəri həlak olub. Bundan başqa, Suriyanın Şimalında və Şimal-Şərqində bilavasitə Türkiyənin nəzarəti altında olan ərazilərə də hava zərbələri endirilib. Nəticədə Hələb vilayətinin Afrin rayonunda Ankaraya loyal müxalif silahlı qruplaşmalar 11 adam itiriblər.
Bəzi KİV-lər bu əməliyyatları rəsmi Dəməşqin həmin əraziləri artıq öz nəzarəti altına qaytarmağa hazırlığı kimi qiymətləndirirlər. Bu baxımdan, Putinlə Ərdoğanın Soçi görüşünün Suriya prezidenti Bəşər Əsədin Moskvaya səfərindən iki həftə sonra baş tutması təsadüfə oxşamır. Məhz Əsədlə görüşdən sonra özünütəcrid rejiminə keçən və hətta Dövlət Dumasına şeçkilər naminə belə bu rejimdən çıxmayan Putin bütün görüşləri videoformat şəklində keçirib. Yalnız Ərdoğanla görüşdə canlı təmasa üstünlük verildi.


İdlibdə və Hələbdə baş verənlərlə bağlı Türkiyənin Müdafiə naziri Hülusi Akar "Biz ümid edirik ki, prezidentimizin cənab Putinlə görüşündən sonra sülhə qayıtmaq mümkün olacaq. İdlibdə həlak olanlar arasında terrorçular yoxdur. Biz bir neçə aydır ki, bunu izah etməyə çalışırıq",-açıqlamasını verib. Bununla razılaşmayan Moskva rəsmi Dəməşqin dəvəti olmadan Suriyaya daxil olmuş dövlətlərin hərbi qüvvələrinin ümumiyyətlə buradan çıxması zərurətini gündəmə gətirir. Amma Suriyanın şimalını və şimal-şərqini nəzarətdə saxlayan Ankaranın kifayət qədər tutarlı dəlilləri var ki, bu da həmin ərazinin bəzi rayonlarında PKK, YPG/PYD kürd terrorçu qruplaşmalarının fəallığıdır. Bu isə Türkiyənin təhlükəsizliyinə birbaşa təhdiddir.
Digər tərəfdən, 4 milyon insanın yaşadığı İdlib əyalətindəki gərginlik artıq Suriyadan 3,6 milyon qaçqına öz qapılarını açmış Türkiyəni narahat etməyə bilməz. Təsadüfi deyil ki, Türkiyə və Rusiya həmin rayonlarda da birgə patrul aparılması barədə razılığa gəlmişdilər. Lakin, həm İdlib, həm də Suriyanın şimalı ilə bağlı anlaşmalara tam şəkildə əməl olunmadığı, tərəflərin isə bir-birini günahlandırdığı bildirilir.

Maraqlıdır ki, Putinlə Ərdoğanın görüşündən sonra bəzi KİV-lər Suriyanın hərbi dairələrinə istinadən türk hərbçilərinin İdlibin cənub hissəsini tərk edərək şimala çəkildiklərini yazır. Son iki həftə ərzində türkyönümlü qüvvələri bombalayan Rusiyanın hərbi-kosmik qüvvələri isə İdlibdə sükut günü təşkil ediblər. Bu məlumatların səhihliyi təsdiqlənərsə, deməli, Soçidəki görüşdə Suriya ilə bağlı anlaşma əldə edilib. İstisna deyil ki, türk hərbçilərinin İdlibin cənubundan çəkilməsi qarşılığında Moskva Suriyanın şimalında və şimal-şərqində kürd silahlı qruplaşmalarının konstruktiv mövqe tutacaqları məsələsində Ankaranın tərəfdaşı keyfiyyətində çıxış etməyə razılaşıb. Bəşər Əsədin məhz kürdlərin “Suriyanın demoktratik Şurası”nın icraiyyə komitəsinin həmsədri İlham Əhmədlə Moskvaya səfərə gəlməsi, yəqin ki, təsadüf deyil. Belə ki, bu qurum müəyyən mənada Rusiya prezidentinin təsir dairəsindədir.

Qarabağ

Üçüncüsü və bizi maraqlandıran ən əsas məqam Azərbaycanın tarixi qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq, Türkiyə və Rusiyanın mövcud vəziyyətdə regionda rolu, bölgədə bir-birinin iştirakına yanaşmaları, kommunikasiyaların açılması məsələsində Ankara-Moskva münasibətlərinin detallarıdır. Bu baxımdan, Putinin rus-türk mərkəzinin rolu barədə dedikləri Moskvanın bölgədə Türkiyənin hərbi iştirakını müsbət hal kimi qiymətləndirdiyindən xəbər verir. Ən azından, indiki mərhələdə.

Baxmayaraq ki, elə Rusiyanın özündə ermənidən çox erməni olmaq sevdasına düşən bir çoxları Kremli bölgədə "Türkiyənin ekspansiyasının genişlənməsi" təhülkəsilə qorxutmağa çalışırlar, strateji düşüncəyə malik olan Putin hazırda Rusiyanın maraqlarına ən böyük təhdidin Qərbdən gəldiyinin və bunun Ermənistan vasitəsilə regiona ixrac edildiyinin yaxşı fərqindədir.
Digər tərəfdən, Moskvanın da yaxından iştirakı ilə gündəmə gətirilən, onun geosiyasi və geoiqtisadi maraqlarına cavab verən “3+3” əməkdaşlıq formatının bünövrəsində Bakı-Ankara-Moskva məhvəri dayanır. Ona görə də, regiondan kənar qüvvələrin əlində oyuncaq olan Ermənistanın və həmin qüvvələrin Zəngəzur dəhlizinin açılması ətrafında apardıqları oyunları neytrallaşdırmağın ən təsirli vasitəsi bu məhvərin üzvləri arasında əlaqələrin daha da gücləndirilməsidir. Həm də məhz Türkiyə ilə vahid mövqedən çıxış etməklə Rusiya hazırda bölgədəki proseslərdən kənarda qalmış digər böyük dövlətlərin Güney Qafqazda geosiyasi nüfuzunu bərpa etmək cəhdlərinin qarşısını ala bilər. Bir sözlə, indiki şəraitdə Güney Qafqazda Moskvanın təbii müttəfiqi onun vassalı olan Ermənistan yox, Azərbaycan və Türkiyədir. Məhz bu reallıqdan çıxış edən Putin Ağdamda fəaliyyət göstərən rus-türk monitorinq mərkəzinin sabitliyin ciddi qarantı olduğunu vurğulayıb.


Sağollaşarkən prezidentlər arasındakı qısa dialoq da bir sıra incə mətləblərdən xəbər verir. Yaxın ətrafından 55 nəfər xəstələnsə də, peyvənd sayəsində özünün yoluxmadığını deyən Vladimir Putin türkiyəli həmkarına təkrar peyvəndlənmədə Rusiyanın istehsal etdiyi “Sputnik V” preparatından istifadə etməyi məsləhət görüb. Onun effektinin güclü olmadığını vurğulayan Rəcəb Tayyib Ərdoğan, “BioNTek” preparatından istifadə etməklə artıq təkrar peyvənd kursunu keçdiyini bildirib. İstisna deyil ki, Türkiyə prezidenti “Sputnik V” peyvəndinin Qərbdə təsirli vasitə kimi sayılmadığını və bu üzdən də ona əsaslanan COVİD-pasportların tanınmadığını bir daha rusiyalı həmkarının diqqətinə çatdırmaq istəyib. Hərçənd, “Sputnik V” peyvəndi Türkiyədə istehsal da olunur.
Maraqlıdır ki, Türkiyə-Rusiya münasibəltərinə xələl gətirməyə çalışanlar dərhal bu məqamdan yapışıblar. ABŞ-ın məşhur “Bloomberg” nəşri bu qədər vacib görüşün əsas məqamları yox, məhz həmin qısa dialoqla bağlı “Ərdoğan özündə Putindən çox anti-cisimlərin olması ilə öyünüb” adlı məqalə dərc edib. Belə yerdə deyiblər ki, kimin nəyi ağrıyırsa, ondan da danışır.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti