Mingəçevirdə Anım Günü qeyd olunub – FOTOLAR

Mingəçevirdə Anım Günü qeyd olunub –    FOTOLAR
  28 Sentyabr 2021    Oxunub:3417
Mingəçevir şəhərində keçirilən 27 sentyabr Anım Günü xüsusi möhtəşəmliyi ilə seçilirdi. Sübh tezdən başlayaraq insanlar bayraqlarla bəzədilmiş küçələrlə sanki qeyri-ixtiyari Şəhidlər Xiyabanına axışırdılar. Anım günü olmasına baxmayaraq insanların üzündə daha çox qələbə sevinci oxunur, bu qələbə sevincini onlara canı bahasına yaşadan şəhidlərə ehtiram və minnətdarlıq əlaməti olaraq qəhrəmanlarımızın uyuduqları xiyabanı ziyarətə tələsirdilər.
Burada bir haşiyə çıxaraq bildirək ki, günün bütün coşqusu və həyəcanına baxmayaraq pandemiya təhlükəsi ilə bağlı mingəçevirlilərdə olan intizamlılıq diqqətimizdən yayınmadı. Səhər saatlarından Şəhidlər Xiyabanına çoxsaylı insan axınında və ziyarət əsnasında vətəndaşların bir-biri arasında sosial məsafəyə riayət etmələri, kütləvi toplaşma yerlərində isə əksəriyyətin tibbi maskadan istifadəsi diqqətimizi cəlb etdi. Etiraf etmək lazımdır ki, insanların bir-birinə manə olmadan ziyarəti həyata keçirmələri yüksək səviyyədə təşkil olunmuşdu.


Anım Gününün rəsmi hissəsinə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynovun şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslərin müşayəti ilə Şəhidlər Xiyabanına daxil olmasından sonra start verildi.


49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputat seçilmiş, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynovun belə bir gündə Mingəçevirə gəlməsi və Anım Günü münasibətilə şəhərdə təşkil olunan tədbirlərə qatılması, ilk növbədə şəhidlərin ruhuna olan ehtiramından irəli gəlirdisə də, bununla bərabər, öz seçiciləri qarşısında daşıdığı məsuliyyətinə verdiyi əhəmiyyətinin göstəricisi idi.


İlkin olaraq İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçıları qarşısında çıxış edərək müstəqillik tariximizə qısa ekskurs etdi: Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra dövlət və ordu quruculuğu sayəsində gördüyü titanik fəaliyyətindən söz açan İcra başçısı, prezident İlham Əliyevin uzaqgörən strateji düşüncəsi və zəkası, həmçinin mahir hərbi komandanlığı sayəsində ulu öndərimizin bizi tarixi qələbəyə aparan siyasi xəttini müasir geosiyasi reallıqlara uyğun daha da zənginləşdirərək uğurla başa çatdırdığını, nəticədə, Azərbaycanın tarixi qələbəyə imza atdığını vurğuladı. Şəhər rəhbəri qeyd etdi ki, Azərbaycanın Vətən müharibəsində tarixi zəfərini təmin edən əsas amil xalqın öz lideri - Ali baş komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib düşmənə sarsıdıcı zərbə endirməsi oldu. “Ali baş komandanımızın erməni qəsbkarlarını darmadağın edən dəmir yumruğu öz gücünü xalqın ona olan etimadı, inamı və sevgisindən alırdı” – deyə şəhər rəhbəri söylədi.


Keçən ilin bu günündə erməni təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları dillər əzbəri olan neçə-neçə igidimizi qurban verdiymizi təəsüflə qeyd edən İlham İsmayılov, bizə canı bahasına qələbə sevincini yaşadan şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onların ailə üzvlərinə dərin ehtiramla baş sağlığı verdiyini dilə gətirdi.


İcra Hakimiyyətinin başçısı çıxışını başa vurduqdan sonra sözü 44 günlük müharibənin qəhrəmanlarından biri, Mingəçevirin hava hücumundan müdafiəsini təmin edən hərbi hissənin komandiri, Vətən müharibəsi qəhrəmanı polkovnik Elnur Qebedova verdi. Polkovnik Qebedov çıxışı zamanı 44 günlük Vətən müharibəsinin dünya hərb tarixinə “ildırım sürətli texnoloji müharibə” kimi düşdüyünü, müharibədə tətbiq olunan hərbi taktikaların tarixdə ilk dəfə ordumuz tərəfindən işlədildiyini diqqətə çatdırdı. Bu müharibəyə hazırlığın 30 ildir getdiyini deyən Elnur Qebedov torpaqlarımızın azad olunması üçün məhz hərbi yola üstünlük verdiyinə görə hərbçilər adından Ali baş komandana minnətdarlığını bildirdi: “Bəzən deyirdilər ki, münaqişə siyasi yolla həll olunacaq və torpaqlarımız geri qaytarılacaq. Ancaq biz bununla barışmırdıq. Ali baş komandana minnətdarıq ki, torpaqlarımızın azad olunması üçün hərbi yolu seçdi”.


Mingəçevirin strateji əhəmiyyətindən söz açan müharibə qəhrəmanı düşmənin əsas hədəflərindən birinin bu şəhər olduğunu gizlətmədi və bu səbəbdən ölkə rəhbərliyinin şəhərə xüsusi diqqətindən danışdı. “Bəlkə də, burada iştirak edənlərin çoxları, ümumiyyətlə Mingəçevir sakinləri bilməsələr də İcra başçısı bilir ki bu şəhərə hər gün neçə raket zərbəsi endirirdi. Bizim əsas vəzifəmiz o idi ki, şəhərə və şəhər əhalisinə heç bir zərər dəyməsin.”- deyən Elnur Qebədov, eyni zamanda, müharibə zamanı şəhid düşən hərbçilərin ailə üzvlərinə başsağlığı verərək, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını dilədi.


Şəhid qardaşlar Tural və Musa Həsənovların anası Nəhayət Həsənovanın həyacanlı çıxışı tədbirdəki ruh yüksəkliyini daha da alovlandırdı: “Mənin iki övladım vətən uğrunda şəhid oldu. Mən qətiyyən sarsılmıram, əksinə fəxr edirəm.” deyən şəhid anası əlavə etdi ki, “Mən qürurlu anayam ona görə ki, ölkəmizin, xalqımızın bundan sonra sülh və firavanlıqda yaşaması, torpaqlarımızın azad olunması həm də mənim balalarımın canı bahasına başa gəldi. Bu torpaqlar qanla alınmalı idi, qanla da alındı. Övladlarımla qürur duyuram və üçüncü oğlum olsaydı, onun da vətən uğrunda canını fəda etməsinə qarşı çıxmazdım. Təki vətən sağ olsun”.


Nəhayət Həsənovanın çıxışından sonra bir daha anlayırsan ki, Tural və Musa kimi qəhrəmanlarımızı ancaq belə ana dünyaya gətirə bilərdi. Çıxışlar başa çatdıqdan sonra Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin istedadlı yetirmələrinin ifasında Anım Gününə həsr olunmuş əbədi-bədii kompozisiya nümayiş etdirildi. Kompozisiyada gənc istedadlar günün anlam və önəmini poetik üslubda vurğulayan şeirlər səsləndirdilər.

Tədbir İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla Milli Məclisin sədr müavini Əli Hüseynovun Şəhidlər Xiyabanındakı şəhid məzarlarını ziyarətləri ilə davam etdi. Azərbaycanın üçrəngli bayrağı ilə bəzənmiş hər bir şəhid məzarı üzərinə gül qoyaraq qarşısında baş əyən rəsmilər, bundan sonra şəhidin yaxınlarına baş sağlığı verir, onların dərd ortağı olur, bəzən göz yaşlarını silir, bəzən isə toxtaqlıq verirdilər. Şəhidlərin ailə üzvlərinin simalarında bir yandan niskil və kədər oxunurdusa, digər yandan şəhidi ilə qürur duyub fəxr etdiyi aydın sezilirdi. Sanki bayrağımız o qürurlu duruş və zəfər saçan dalğalanması üçün gücünü şəhidlərimizin ruhundan alırdı. Bu kiçik bayraqların hər biri əbədi müstəqillik və azadlıq atəşinin bir qığılcımı idi ki, göylərdə birləşib böyük bir sönməz ocaq yaratmışdılar.



Teqlər: Anım-Günü  





Xəbər lenti