Bu gün ölməz aktyorun doğum günüdür

Bu gün ölməz aktyorun doğum günüdür
  23 Mart 2014    Oxunub:1786
AzVision.az xəbər verir ki, bu gün Azərbaycanın görkəmli aktyoru, unudulmaz və əvəzolunmaz gülüş ustadı xalq artisti Lütfəli Abdullayevin doğum günüdür. O, 1914-cü ildə martın 22-də Şəki şəhərində doğulub.

Şəkidə yeddillik orta məktəbi bitirən gələcəyin gülüş ustası, bir neçə ay yaşadığı şəhərdə fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə oynayıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət Konservatoriyasının valtorna sinifinin məşğələlərində iştirak etməyə başlayıb. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olaraq, səsinin oxu ölçü-quruluşunu cilalayıb müəyyən qəlibə salıb. Dərslərinin gedişatını müəyyən yönə salıb, sistemləşdirdikdən sonra yaşının azlığına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub. Tezliklə o, yardımçı aktyor kimi sözsüz və epizod rollarda, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarananda Lütfəli Abdullayev truppaya qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyi ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio ("Rəqs müəllimi", Lope de Veqa), Rəşid ("Kimdir müqəssir?", Georgi Mdivani), Tağı ("Köhnə dudman", Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər Cabbarlı), Nadir ("Çiçəklənən arzular", Məmmədhüseyin Təhmasib) rollarında çıxış edib. İki ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.

1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb. Lütfəli Abdullayev teatrın aparıcı aktyoru kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar, uğurlu və uzun ömürlü tamaşalarında çıxış edib.

Korifey sənətkarın teatr və kinomuzda yaratdığı “Arşın mala alan”da Vəli, “O, olmasın, bu, olsun”da qoçu, “Əhməd haradadır?”da Zülümov, “Ulduz”da Məhəmməd, “Tifilin nəğməsi”ndə Hamlet, “Beş manatlıq gəlin”də Möhsün, “Gözün aydın”da Qəhrəman, “Hardasan, ay subaylıq”da Qüdrət Səda, “Hicran”da Mitoş və bir çox obraz daim tamaşaçılar tərəfindən böyük zövq və təbəssümlə izlənir.

Yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq artisti fəxri adları ilə təltif olunub.



Teqlər:





Xəbər lenti