Ərdoğandan ABŞ-a sərt ittihamlar

  27 Sentyabr 2021    Oxunub :466
   Ərdoğandan ABŞ-a sərt ittihamlar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan SBS telekanalının “Face the Nation” proqramına verdiyi müsahibədə Vaşinqtona qarşı yeni ağır ittihamlar irəli sürüb. ABŞ-ın Türkiyənin də milli təhlükəsizliyinə təhdid yaradan terrorçu təşkilatları pulla və silahla dəstəklədiyini vurğulayan Ərdoğan Vaşinqtonu bu təcrübədən imtina etməyə çağırıb.
Azvision.az xəbər verir ki, proqramın aparıcısı Marqaret Brennanın İŞİD-lə mübarizədə Vaşinqtonun müttəfiq saydığı qruplaşmalara verdiyi silahın Türkiyəyə qarşı istifadə edildiyi və ABŞ-ın dəstəklədiyi həmin qüvvələrin Türkiyəyə təhdid yaratdığına hansı sübutların olması barədə sualına Rəcəb Tayyib Ərdoğan “Mən bu barədə cənab Trampa hələ onun prezidentliyi dövründə demişəm. Amma indinin özündə də bölgəyə silahla, sursatla və s. dolu yük maşınları gəlir. Bu barədə bizim kəşfiyyat təşkilatının vasitəsilə ABŞ-ı məlumatlandırdıq. Şübhəsiz ki, bunu gələcəkdə də edəcəyik. Türkiyəyə hücum edən terroçu qruplaşmalar təəssüf ki, ABŞ tərəfindən çox ciddi maddi-texniki dəstək alıblar. Bu, ABŞ-ın əvvəlki administarsiaysı vaxtında da baş verirdi, elə indiki administrasiya zamanında baş verir. PKK/YPG/PYD terrorçu təşkilatlarına silah verilməməlidir. Türkiyə ilə ABŞ-n NATO üzrə müttəfiqliyi baxımından Vaşinqtonun belə hərəkətləri yolverilməzdir. Biz NATO çərçivəsində həmrəy olmalıyıq və terrorçu təşkilatalar belə yardımlar almamalıdırlar” , - cavabını verib.

Əfqanıstan hadisələrini şərh edən Türkiyə prezidenti ABŞ-ın 20 illik iştirakının bu ölkədə və regionda təhlükəsizliyin təminatına töhfə vermədiyini, əksinə, günü-gündən bölgənin daha çox itirdiyini vurğulayıb. Buna görə də, ABŞ 20 il ərzində Əfqanıstanda olduğu və oradan niyə çıxdığı haqda özünə sual verməlidir. Ərdoğan qeyd edib ki, Kabil aeroportunda təhlükəsizliyin təminatını Türkiyənin öz üzərinə götürə bilməsi mümkündür. Lakin bir şərtlə: bunun üçün ABŞ maliyyə vəsaiti, silah və sursat da daxil olmaqla Ankaraya maddi-texniki dəstək verməlidir. Lakin orada hadisələr elə məcrada cərəyan edirdi ki, əksinə, Kərzay adına aeroportda bütün silah-sursat və texnika taliblərə ötürüldü. Hazırda orada amerika silahlarına sahib olan taliblər fəaliyyət göstərirlər. Öz hərbçilərini və vətəndaşlarını Əfqanıstandan çıxaran Türkiyə isə bu ölkədəki proseslərdə iştirak etmir.

“Türkiyə “Taliban”la hələlik hər hansı bir razılaşma imzalamayıb. Hazırda “Taliban” əsasən Qətərlə qarşılıqlı əlaqələr qurur. Türkiyə isə Əfqanıstana heç bir dövlətin göstərmədiyi dəstəyi verib və Ankara indən sonra də bu ölkəyə öz köməyini əsirgəməyəcək. Həmid Kərzay adına aeroportun Türkiyə tərəfindən idarə edilməsinə gəldikdə isə, bu qarşılıqlı pozitiv razılaşmalardan və müqavilələrdən asılı olacaq. Amma hazırda Əfqanıstan hökuməti inklüziv olmadığından bizim üçün belə hökumətlə əməkdaşlıq sahəsində addımlar atmaq məqbul deyil. Yox, əgər Əfqanıstan hökuməti inklüziv olarsa, Türkiyə bu ölkənin işlərində iştirak edə bilər”, - Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, Türkiyə təhsil, səhiyyə və məhkəmə sistemləri də daxil olmaqla əfqan qadınlarının ölkənin bütün ictimai sahələrində fəaliyyətinə imkan yaradıcılağını gözləyir və bu məsələdə Ankara Əfqanıstana kömək etməyə hazırdır.

Sahil İsgəndərov
Azvision.az

Teqlər: Ərdoğan   ABŞ  







Xəbər lenti