Kremlin Ukraynadakı "beşinci kolon"u Ərdoğana qarşı

 Kremlin Ukraynadakı "beşinci kolon"u Ərdoğana qarşı
  25 Sentyabr 2021    Oxunub:4506
Ukrayna parlamentinin deputatı Oleq Voloşin «112 Ukrayna» telekanalının efirində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya hörmət qoymadığını, əslində ondan öz məqsədləri üçün istifadə etdiyini deyib. "Tezliklə Türkiyə prezidenti Rusiyanın lideri Vladimir Putinlə görüşəcək. Bu da sizə Ukraynaya bəslənən münasibət: bizim «Bayraktar»ları alın, yollarınızı çəkməyə bizim şirkətləri buraxın, çünki biz yaxşı «otkat»lar veririk, amma biz sizə xüsusi hörmət bəslməyəcəyik",- deyə Voloşin bildirib.
«Ukraynanın Avropa hərəkatı» ictimai birliyinin idarə heyətinin sədri, politoloq Vadim Trüxan isə Azvision.az-ın rus redaksiyasına açıqlamasında tamam əks mövqe ortaya qoyub. Onun sözlərinə görə, Voloşin Kremlin Ukraynadakı «beşinci kolonu», Yanukoviçin dəstəsinin qalıqları kimi qəbul olunan müxalif «Həyat uğrunda» partiyasını təmsil edir. Bu baxımdan, onun və ya həmkarlarının prezident Zelenskinin, yaxud indiki hakimiyyətin qərarları və ya görüşləri barədə müsbət fikir söyləyəcəyini gözləmək yersizdir.

Əvvəla, istənilən ölkənin rəhbəri ilk növbədə öz ölkəsinə və xalqına hörmət sərgiləməli, fəaliyyətində məhz onlar üçün daha faydalı olmağa can atmalıdır. Əgər digər ölkənin maraqlarına işləsə, onda hakimiyyətini tez bir zamanda itirər. Buna görə də, Ərdoğanın səhər tezdən oyanıb, Ukraynaya hansı yaxşılığı etdiyini fikirləşəcəyini düşünmək sadəlöhvlük olardı.
İkincisi, il ərzidə müntəzəm qaydada hər iki dövlətin paytaxtlarında keçirilən Ukrayna-Türkiyə sammitləri, prezidentlərin çoxtərəfli forumlar çərçivəsində görüşləri ondan xəbər verir ki, hər iki tərəf qarşılıqlı faydaların mövcud olduğu bütün sahələrdə ikitərəfli münasibətlərin dinamik inkişafında səmimi şəkildə maraqlıdırlar.
Üçüncüsü, Türkiyə Ukraynanın ticari-iqtisadi tərəfdaşaları arasında birinci beşlikdə yer tutur. Türkiyəyə gələn ukraynalı turistlərin sayı isə bu ilin ikinci rübündə hətta Almaniya və Rusiyanı da arxada qoyaraq, digər ölkələrin təmsilçilərinin sayını üstələyib.
Dördüncüsü, Türkiyə ilk xarici dövlətlərdəndir ki, Ukraynaya silah satmağa başlayıb və hərbi-texniki sahədə birgə layihələrə start verib. Hazırda bunlardan ən əhəmiyyətlisi «Bayraktar» PUA-larının və «ADA» tipli korvetlərin (gözətçi və konvoy xidmətləri, hərbi-dəniz bazalarının sualtı qayıqlardan və hava hücumundan qorunmasını nəzərdə tutan suüstü döyüşçü hərbi gəmi) istehsalıdır.

- Heç kəs hörmət qoymadığı ölkələrlə öz texnologiyalarını bölüşmür, hərbi-texniki sahə kimi həssas məsələdə əməkdaşlıq etmir və çoxmilyonlu birgə layihələrə başlamır. Belə danılmaz həqiqətlər Ukraynadakı «5-ci kolon» təmsilçilərinə məlum deyil. Bundan başqa, Putin Rusiyasının təzyiqlərinə rəğmən, Türkiyə ardıcıl şəkildə Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və avqustda baş tutan ilk Krım platformasında iştirak edib. Yalnız digər ölkəyə dost münasibət bəsləyən dövlətlər belə hərəkət edirlər,- ukraynalı politoloq bildirib.

Ukraynalı politoloq Putinlə demək olar ki, bütün dünya liderlərinin, o cümlədən də Ukrayna prezidenti Vladimir Zelenskinin görüşdüyü faktına diqqət çəkib. Yeri gəlmişkən, Ukrayna və Rusiya prezidentlərinin sonuncu görüşü "Normand formatı"nın 2019-cu il sentyabrın 9-da Parisdə keçirilən sammitində olub. «Yolların çəkilməsinə və digər bu kimi məsələlərə gəldikdə isə, müqavilələr tenderləri udanlarla bağlanır. Elə Ukraynanın özünün də korrupsiya səviyyəsinə görə ən təmiz ölkə olmadığı sirr deyil. Hərçənd, korrupsiyanın səviyyəsinin aşağı salınması yönündə iş ən qızğın mərhələdədir. Amma bir çox dövlətlərin biznes təmsilçilərinin bizim ölkədə fəaliyyət göstərməsi çox şeydən xəbər verir. Yeri gəlmişkən, Azərbaycanın SOCAR şirkəti cəmi bir neçə il ərzində Ukraynada ən uğurlu və ən nüfuzlu YDS (Yanacaq doldurma stansiyaları) şəbəkələrindən birini yaradıb. Bu Ukraynada işləməyin faydalı olduğunun sübutu deyilmi?» - Vadim Trüxan vurğulayıb.

Ukraynalı politoloqa görə, ümumiyyətlə hay-küyçü autsayder siyasətçilərin uydurma tənqidlərinə fikir vermək perspektivsiz məşğuliyyətdir.

Sahil İsgəndərov
Azvision.az



Teqlər: Türkiyə   Ukrayna  





Xəbər lenti