6 il əvvəl baş verən qətlin üstü açılıb

   6 il əvvəl baş verən qətlin üstü açılıb
  13 Sentyabr 2021    Oxunub:1264
2015-ci il iyulun 6-da Ağsu rayon sakini Sahib Babayevin Ağsu çayının kənarında meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun əvvəlki Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq aparılıb, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, 2020-ci il tarixdə həmin cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində yenidən öyrənildikdən sonra icraat təzələnib və aparılan çoxsaylı istintaq hərəkətləri nəticəsində cinayət əməlinin Ağsu rayon sakini Vahid Gözəlov tərəfindən törədilməsi müəyyən edilib.

İstintaqla müəyyən edilib ki, Vahid Gözəlov 2015-ci il iyunun 18-də saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun həyətində Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxıb, sonuncunun başının daş hasara dəyərək huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, yaxınlıqda olan sintetik iplə Sahib Babayevi boğub öldürüb, sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoyub.

Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: Prokurorluq   Qətl  





Xəbər lenti