“Paşinyanın layihəsinə heç kim 3,5 milyard dollar qoymayacaq"- Gürcü ekspert

 “Paşinyanın layihəsinə heç kim 3,5 milyard dollar qoymayacaq"-  Gürcü ekspert
  12 Sentyabr 2021    Oxunub:4431
Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə səfəri çərçivəsində “İran körfəzi-Qara dəniz” nəqliyyat dəhlizi layihəsi ətrafında da müzakirələr aparıb. Amma gürcüstanlı politoloq Gela Vasadze saytımıza açıqlamasında bu iki ölkədən başqa, İran, Bolqarıstan və Yunanıstanın da iştirakını nəzərdə tutan layihənin reallaşacağına skeptik yanaşma sərgiləyib.
Dəhlizin reallaşacağının şübhə doğurduğunu və bu yöndə əsas əngəlin məhz maliyyə probleminin olduğunu AzVision.az Paşinyanın Gürcüstana səfərindən dərhal sonra yazmışdı. Gürcüstanlı ekspert Gela Vasadzenin də sözlərinə görə, böyük ehtimalla, Paşinyan Avropa İttifaqının reallaşması üçün Ermənistana vəsait ayırdığı avtomobil dəhlizini nəzərdə tutur. Gürcüstanda da yaxşı avtoban inşa olunur. Söhbət daha bir alternativ avtobandan-Axalkalakidən keçməklə Batumiyə qədər aparan yoldan gedir. Amma bu, yalnız avtomobil yoludur və limanlar arasında böyük həcmli yüklərin avtomobil nəqliyyatı vasitəsilə daşınması rentabelli deyil.

- Dəmir yolu nəqliyyatına gəldikdə isə burada çox ciddi problemlər var. Çünki əgər Rusiya ilə Ermənistan Naxçıvandan yan keçməklə dəmir yolu çəkmək qərarına gəlsələr, minimal hesablamalara görə, 3,5 milyard dollar lazım olacaq ki, bu da çox böyük vəsaitdir. Ona görə də, düşünürəm, söhbət məhz avtomobil yolundan gedir və bu, Batumi-Axalkalaki avtobanı salınmadan da mümkündür,- gürcü politoloq bildirib.

Onun sözlərinə görə, daha genişmiqyaslı işlər üçün zəruri olan 3,5 milyard dolları Çin qoya bilərdi, amma bu da inandırıcı görünmür. Çünki, son nəticədə yol Rusiyanın nəzarəti altına düşəcək. Ümumiyyətlə isə, sadəcə hansısa yolun İrandan Ermənsitana aparan bir hissəsinin çəkilməsinə kiminsə 3,5 milyard dollar xərcləyəcəyinə Gela Vasadze şübhə etdiyini deyib.

- Bir məqamı da unutmayaq ki, İranın üzərindən sanksiyalar götürülən kimi (onlar isə belə getsə, götürələcək), dərhal Astara-Rəşt yolunun qalan hissəsi tikiləcək. Azərbaycan bunun üçün İrana artıq 500 milyon dollar ayırıb. Yeganə əngəl əldə olan pulun İrana verilməsinin qarşısını kəsən sanksiyalar idi. Bu problem çözüləndən sonra məhz həmin marşrutların inkişaf edəcəyini düşünürəm,- Vasadze vurğulayıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Paşinyan   Gürcüstan   Layihə  





Xəbər lenti