Ailə faciələrindən çıxarmalı olduğumuz dərslər – Nadir Qocabəylinin yazısı

Ailə faciələrindən çıxarmalı olduğumuz dərslər –   Nadir Qocabəylinin yazısı
  03 Sentyabr 2021    Oxunub:2242
Çoxları neqativ qəbul etsə də, el arasında geniş yayılmış bir məsəl var: “Özbaşına qız ya halvaçıya gedər, ya da zurnaçıya”. Görəsən, niyə məhz halvaçı və ya zurnaçı? Niyə atalar sözündə bu iki normal sənət sahibi aşağılanır?
Düşünərək bu qənaətə gəldim ki, məsəlin yarandığı əyyamda bu peşələrlə yaxşı qazanmaq mümkün olmayıb və pulu olmayanın da, şübhəsiz, hər zamankı kimi, hörməti də olmayıb. Yəni halvaçı yasdan-yasa halva bişirib, zurnaçalan da toydan-toya yada düşüb. Mövsümi işin qazancıyla da, arvad, ailə saxlamaq müşkül olub. Yoxsa hazırda elə zurnaçılar və halvaçılar var ki, qaz vurub, qazan doldururlar. Zurna, balaban, klarnet ifaçıları var ki, toylara fantastik qiymətə gedir, xaricdə belə xətir-hörmətlə qarşılanırlar. Pulu da ki, Rüstəm bəy demişkən, saman kimi. Bəli, elə halvaçı da. Yaxşı bir müəssisə qurub, çeşid-çeşid halvalar istehsal etsə, onu müasir standartlara uyğun qablarda (“qablaşdırma” sözündən xoşum gəlmir) bazara çıxarıb, satışını təşkil edə bilsə, istənilən professordan, alimdən, müəllimdən, ziyalıdan, hətta bir çox dövlət məmurundan yaxşı qazanar və bu səbəbdən də cəmiyyətdə və ailədə xətir-hörmət yiyəsi olar.

Bəli, iqtisadi amil ailənin rifahı, xoşbəxtliyi, davamlılığı, möhkəmliyi baxımından çox önəmlidir. Bəlkə də, birinci yerdədir. Biz bunu nə qədər malalasaq, ört-basdır etməyə çalışsaq da, yox, əsas sevgidir, nə bilim, qarşılıqlı anlayışdır desək də, heç olmasa ortabab təminat, maddi gəlir olmayan yerdə nə sevgi uzun müddət davam gətirə bilər, nə əhd-peyman, nə də başqa məna dəyərləri (“mənəvi dəyərlər” də yaza bilərdim). Çünki dünyamız maddidir, tanrı insanların hamısına yeyən ağız verib, yeməyən canlı yaşaya, sevinə, şənlənə, sevə, sevilə, xoşbəxt ola bilməz. Bu da olmayanda umu-küsü, dığ-dığ, dava-dalaş qaçılmazdır.

Atalar məsələnin müasir yorumu belədir ki, ailə quran insanın (yaxud insanların) onların dolanışığını təmin edəcək normal iş-gücü, bir də ağlı, düşüncəsi olmalıdır. Mənə elə gəlir ki, əcdadlarımız “halvaçı-zurnaçı” ifadəsi ilə həm də dərin ağlı, ailənin yükünü, məsuliyyətini dərk edən zəkası olmayan adamları nəzərdə tutublar. Qeyd etdiyim kimi, indiki dövrdə onlar heç də bu iki peşə sahibləri ilə məhdudlaşmırlar. Düşüncəsiz və məsuliyyətsiz, avara insanlar bütün kateqoriyadan olanlar arasında var, ancaq əsas etibarilə konkret sənəti, işi-gücü olmayanlardır. Elə babalarımız da “halvaçı-zurnaçı” deyərkən bu cür avara, gündə bir işin dalınca qaçan, normal ixtisası, peşəsi olmayan, dayaz, hərdəmxəyal adamları nəzərdə tutublar.

Avqustun 30-da baş verən ailə faciəsi bütün Azərbaycanı sarsıtdı. Körpə balanın və gənc ananın ailə münaqişəsi zəminində məhz məsuliyyətsizlik, düşüncəsizlik, ağılsızlıq səbəbindən damdan düşərək, tələf olmaları hamımızın ürəyini ağrıtdı. Aidiyyatlı dövlət orqanları, media, saytımız bu faciəni araşdırmağa başladırlar və mümkün ilkin informasiyalar toplandı. Mərhum gənc xanımın anasının verdiyi məlumata görə, qızı indiki əriylə universitetdə oxuyarkən tanış olublar. Hələ nişanlı olduqları dövrdə aralarında çoxlu didişmə, münaqişə yaşanıb. Oğlan hətta öz nişanlısını döyürmüş də. Valideynlər nişanı qaytarmaq istəyiblər, amma qız razı olmayıb. Əcəba, nədən, nə səbəbə? Bir qız, qadın onu təhqir edən, döyən adamla niyə ailə qurmaq istəsin? Niyə ziyanın yarısından qayıtmasın? Bu məsələ hansı prinsipə, hansı sosial-psixoloji amillərə söykənirmiş? Mazoxizm? Yəni döyülməkdən, kişi zorundan həzz almaq? Zənn etmirəm. Mülahizələr yürütmək olar, ancaq cəmiyyətimiz, eyni zamanda mərhumun yaxınları bunu etik saymayacaq, süngü ilə qarşılayacaqlar. Ancaq səbəbləri bilmədən, problemə diaqnoz qoymadan onu həll etmək də mümkün deyil. Hər halda, araşdırılmalıdır.

Ananın dediyinə görə, 3 illik evgilik də qızı üçün dəhşətli olub, hətta işgəncələr şəraitində keçib. İşgəncə prosesində qayınana da yaxından iştirak edib. Bu dövrdə gəlinə qarşı kölə kimi davranılıb. Bu dəfə valideynlər boşanmaya razı olmayıblar ki, el-obadan ayıbdır. Yəni qızlarını, onun gələcəyini yox, el içindəki nüfuzlartını, öz eqolarını, qürurlarını ön plana çəkiblər. Başqa tədbirlər də görməyiblər. Əlbəttə, işin içində olmadan tam qiymət vermək çətindir, ancaq hər halda, təcrübəli insanlar burunlarının ucundan azca da olsa irəliyə baxmalı və bu faciəni görməliydilər. Görə bilsəydilər, bir məsum körpənin və bir gənc qadının müsibəti baş verməyə bilərdi. Deməli, cəmiyyətimizdə baş verən dəhşətli hadisələr, ailə-məişət cinayətləri təkcə özbaşına qızın “halvaçı-zurnaçı” seçimi ilə bağlı deyil, biz valideyn, ata-ana institutunun kəskin deqradasiyaya uğraqdığı, “halvaçılaşıb-zurnaçılaşdığı” ağır durumla üz-üzəyik . Valideyn olan, uşaq dünyaya gətirən, hətta onları evləndirən, ərə verən ata-anaların əksəriyyəti bunlara hazır deyil. Tərbiyə verənin gərək özünün də tərbiyəsi olsun, yol göstərən gərək yol bilsin, məsləhət, tövsiyyə verənin də ağlı, dərrakəsi olmalıdır. Heç olmasa, həyat təcrübəsi olmalıdır. Bir də ki, insanlara, gənclərə moizə oxumaqdansa, nümunə göstərmək lazımdır. Son illər gənclər arasında müşahidə etdiyim əksər qətllərdə, intiharlarda, cinayətlərdə valideynlərin əl izləri aydın görünür.

Dəhşətli ailə faciəsinin detalları: Hər iki tərəfin mövqeyi
Biz özbaşına qızı halvaçıya və ya zurçıya getməkdə qınayırıq, amma bir şeyi unuduruq ki, onun bu seçimində valideynin, tərbiyənin, göstərilən nümunənin də ciddi rolu var. Bir dəfə söhbət əsanasında bir təcrübəli xanım dedi ki, indiyəcən özü sevib gedənlərinin birinin də yarıdığını görmədim. Bəlkə də haqlıdır, bəlkə də yox. İnsana sevməyi, aşiq olmağı, sevib evlənməyi qadağan etmək olmaz. Buna valideynin də haqqı yoxdur. Ancaq valideyn, eyni zamanda, ziyalılar, yazarlar, aidiyyatlı dövlət qurumları gənclər arasında maarifçilik işləri aparmalı, bilmədiklərini onlara izah etməli, sevgi və ailə, eşq və ailə mövzusunda söhbətlər etməli, nümunələr göstərməlidirlər.

Bizim əsas problemimiz düşüncə yoxsulluğudur. İnsanlar sanki düşünmür və intuitiv hərəkət edirlər. Örnəkləri həyatdan yox, hansısa melodramlardan, seriallardan alırlar. Həyatla sənət, reallıqla sentimentallıq arasındakı fərqləri başa düşmürlər. Bəzən çılğın sevgi ilə xoşbəxt ailə həyatı bir-birinə ziddiyyət təşkil edir. Ancaq gənclər bunu anlamır və onlara izahat verən də yoxdur. Gənclərə sevgi ilə, eşq ilə ailəni birləşdirən və ayıran psixoloji məqamlar haqqında heç kəs danışmır. Bəlkə də, bunu heç bizim ölkədə bilən də yoxdur.

Faciə yaşayan gənc ailənin ali təhsilli olduğu, BDU-da oxuduqları bildirilir. Çox təəssüflə qeyd etməliyəm ki, ölkəmizdə uzun illərdir, ali təhsil formal xarakter daşıyır. Şəxsi təcrübəmdən də deyə bilərəm ki, ali təhsil alanların əksəriyyəti bu təhsilin mahiyyətini belə anlamırlar. Ali təhsil, diplom sadəcə dəbdir və bundan sui-istifadə edib, külli miqdarda qazanc götürən dairələr, şəbəkələr var. Son illər bu durum daha da pisləşib. Ali məktəb müəllimlərinin səviyyəsi son dərəcə qeyri-qənaətbəxşdir. İxtisaslarını zəif bilmələri ilə yanaşı, çoxunun üfüqi dar, intellekti ağlamalıdır. Digər bir problem ali təhsillilərin iş tapması, işləyib normal məvacib almasıyla bağlıdır. Təbii ki, bunlar hamısı bir-biriylə bağlı məsələlərdir. Keyfiyyətsiz təhsil, savadsız-diplomlu mütəxəssis heç kəsə lazım deyil. Bəla burasındadır, heç savadlısı da kimsəyə gərək deyil. Dünən bir statusumda dövlət qurumlarında normal cümlə qura bilməyən adamların işləməsi haqda yazmışdım. Bu məsələyə bir əncam çəkilməsə, bəlalarımız, faciələrimiz çox olacaq.

Sonu faciə olan gənc ailə də heç bir yerdə işləmirmiş. Ailənin yeganə gəlir mənbəyi ərin atasının kiçik biznesi imiş.
Faciəli şəkildə ölən körpənin atasının, gənc gəlinin ərinin qısa açıqlaması məni çox məyus etdi. Mənə elə gəldi ki, həm qızlar bu cür adamlara ərə getməzdən, həm də valideynləri övladlarının həyatını belələrinə etibar etməzdən qabaq çox ciddi düşünməlidirlər. Ancaq bunun üçün gərək özləri də “halvaçı və zurnaçı” olmasınlar.

Nadir Qocabəyli
Azvision.az


Teqlər:   Aliə   Faciə   Niftəliyevlər  





Xəbər lenti