İnsan nələrə qadirdir!.. Qolsuz əfqan gəncinin paralimpiya hekayəsi

      İnsan nələrə qadirdir!..    Qolsuz əfqan gəncinin    paralimpiya hekayəsi
  01 Sentyabr 2021    Oxunub:10557
Tokioda keçirilən Paralimpiya Oyunlarında insanın nələrə qadir olduğunu göstərən maraqlı şəxslər çoxdur. Onlardan biri də Oyunlarda iştirak edən yeganə əfqanıstanlı paraidmançı Abbas Kərimidir. O, Paralimpiadada dünya qaçqınlarını təmsil edən 6 nəfərlik komandanın üzvüdür.
Abbas Kərimi 1997-ci ildə Əfqanıstanda doğulub. Əlil insanlar üçün heç də ideal yer deyil. O, dünyaya hər iki qolu olmadan gəlib. Dediyinə görə, onun dünyaya necə gəldiyini görən valideynləri öncə son dərəcə məyus olaraq, yasa batsalar da, övladlarını başqa uşaqlardan ayırmadan, sevgi ilə böyütməyi qərara alıblar.

Lakin valideynləri onu məktəbdə digər uşaqların kobudluğundan qoruya bilməzdilər, buna görə də 12 yaşı olanda Abbas kikboks məşğələlərinə yazılıb. Təsəvvür edirsinizmi – Qolsuz kikboksçu! “İnsanlar məni ələ salır, “şikəst”, “çolaq”, “qolsuz” deyirdilər. Buna görə də özümü müdafiə etməyi bacarmaq istəyirdim”,- o CNN-ə deyib.


Döyüş növlərini öyrənərkən Abbas Kərimi başqa bir aləmə - suya böyük sevgi hiss etməyə başlayıb və üzgüçülüyə üz tutub. Ona üzmək üçün əllərinin olmadığını deyənlərə isə “Nə olsun?! Ayaqlarım ki var!” ,- cavabını verib.

- Mən suda özümü azad hiss edirəm. Hər dəfə hovuza tullananda sanki yenidən dünyaya gəlirəm. Üzmək mənim üçün sevgidir, - deyən Kərimi 16 yaşına çatanda Əfqanıstanı tərk edərək, İrana, oradan təhlükəli yollarla Türkiyəyə keçib. Burada 4 il müxtəlif qaçqın düşərgələrində yaşayandan sonra “qolsuz üzgüçü” kimi məşhurlaşıb. 2015-ci ildə onun videosu feysbukda yayılandan sonra beynəlxalq qurumlarda görüblər və Rio Paralimpiyasına yolları açılıb. Oradan isə ABŞ-a köçməsi üçün şans yaranıb. Kərimi bunu ikinci doğuluşu kimi dəyərləndirir.


Son 5 ildə o, müxtəlif beynəlxalq yarışlarda medallar qazanıb. Əsas məqsədi isə Tokio Paralimpiyasında iştirak etmək idi. Düzdür, medal qazana bilməsə də, onun bu yarışda hətta sadəcə iştirakı da “İnsan nələrə qadirdir!” sualına çox möhtəşəm bir cavabdır.

- Əsas o deyil ki, sənin qolun və ya ayağın yerində deyil; əsas odur ki, beynin və ürəyin yerində olsun, - bu, qolsuz üzgüçünün son dərəcə mənalı sözlərindən biridir.

Beynəlxalq Qaçqınlar Günündə başqa bir əfqan miqrant – məşhur yazıçı Xalid Hüseyn Abbasla görüşərək, müsahibə almışdı. “Biz dostlaşdıq. Bir-birimizlə fəxr edir və dünya üçün yaxşı işlər görməyə çalışırıq”,- deyir Abbas Kərimi.

O, dindar bir ailədə böyüyüb və bu gün də inanclı insandır: “Başıma gələnlərə görə həyatı ittiham etmirəm. Əksinə, inanıram ki, Allah insandan nəyisə alanda, əvəzində nəyisə də verir”.


Onun optimizmində qəribə bir enerji var: “Fərqi yoxdur ki, həyat nə qədər çətindir, biz nələrdən keçirik. Bütün hallarda həyat gözəldir və arzularımıza çatmaq üçün risk etməyə dəyər!” Qolsuz gəncin bu sözləri həyatdan bezib, ruhdan düşən çox insanlara böyük görk ola bilər.

Tariyel Həsənov
Azvision.az


Teqlər: Abbas-Kərimi   Paralimpia  





Xəbər lenti