“Pandemiya daxili turizmə şans yaradıb” – Ekspert

   “Pandemiya daxili turizmə şans yaradıb” –    Ekspert
  25 Avqust 2021    Oxunub:1644
Koronavirusun yeni ştammının yayılması və ayrı-ayrı ölkələrdə yoluxmanın yeni dalğalarının baş qaldırması dünya turizminin bərpasının qarısında böyük bir sədd çəkdi. Beynəlxalq Turizm Təşkilatının (UNWTO) hesabatından bəlli olur ki, dünya turizmi hələ 2019-cu ilin heç 20%-i səviyyəsinə çata bilməyib. İnsanlar isə iki ildir ki, psixoloji yorulublar, necə deyərlər, “havalarını dəyişmələk” istəyirlər.
İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin sözlərinə görə, bu vəziyyət daxili turizm üçün böyük imkanlar yaradır. Bunu statistikaya nəzər salmadan da asanlıqla müşahidə etmək olar. Əvvəllər ilin bu fəslində sosial şəbəkə lentimiz xaricdən şəkillər paylaşan dostlarımızın fotoları ilə dolu olardı. İndi isə ölkənin daxili turizm məkanlarından paylaşılan şəkillərin sayı-hesabı yoxdur. Hamı daxildə, hansısa rayonda dincəlir. Və belə məlum olur ki, hər kəs də məmnundur.

- Bir çox ölkələrdə daxili turizm artıq 2019-cu ilin səviyyəsinə yaxınlaşıb, bəzilərində isə hətta keçib də,- o bildirib,- “Hər şərdə bir xeyir var” sözü pandemiya vaxtı özünü bir daha təsdiqlədi. Karantin bizi bəzi şeylərə ayrı cür baxmağa vadar etdi. Məsələn, ökədə nağdsız ödənişlərin təşviqi üçün illərdir kampaniya aparılırdı. Amma yalnız pandemiya insanların nağdsız ödənişə üz tutmasını demək olar ki, kütləviləşdirdi. Eyni şeyi daxili turizm haqqında da demək olar. İllərdir daxili turizmin təbliği üçün böyük təşviqat aparılırdı, amma pandemiya təkbaşına bu istiqamətdə nəhəng irəliləyişə nail oldu.

Ekspertin sözlərinə görə, indi elə etmək lazımdır ki, karantin bitəndən sonra da bu maraq azalmasın. “ Nədir insanları xarici turizmə həvəsləndirən amillər? Birincisi, yeni yerlər görmək istəyi. Gözəl. Amma Azərbaycanın hər yerini görmüşükmü? Hazırda ölkənin bütün istiqamətlərində çox maraqlı turizm marşrutları var. Xüsusilə də bu yay ekoturizm həvəskarları özləri üçün çox maraqlı yerlər kəşf etdilər. İnanın, Azərbaycanda kəşf edilməli yerlər hələ çoxdur. Müalicəvi turizm potensialı isə son dərəcə cazibəlidir.
İkincisi, insana elə gəlir ki, öz evindən nə qədər çox uzağa gedəcəksə, onu yoran problemlərdən də bir o qədər çox uzaqlaşmış olacaq. Bu, illüziyadır. İnternet əsrində lap kosmosa da getsəniz, problemləriniz sizinlə olacaq. Ona görə də, baş götürüb qaçmaq yox, sadəcə, işləri və istirahəti düzgün planlaşdırmaq lazımdır.
Üçüncüsü, prestij. İnsanlar öz istirahətlərilə öyünməyi sevirlər. Amma artıq ənənəvi xarici turizm məkanlarında dincəlməkdə öyünməli bir şey qalmayıb. Antalyanı isə ümumiyyətlə, su yoluna döndərmişik. Bu mənada, Azərbaycanda özü üçün yeni yerlər kəşf etmək daha prestijli istirahət kimi görünə bilər”,- Əlibala Məhərrəmzadə vurğulayıb.

Onun sözlərinə görə, bütün bunlar birlikdə ümumi trendi daxili turizmin xeyrinə əsaslı şəkildə dəyişmək üçün yaxşı şans yaradıb. “Şübhəsiz ki, pandemiya tam bitənə qədər daxili turizm üstünlüyünü qoruyub saxlayacaq. Yerli turizm obyektləri buna bir şans kimi baxmalıdırlar. Və elə bir mühit yaratmalıdırlar ki, xarici səfərlər tam təhlükəsiz olandan sonra da insanımız daxildə istirahətdən vaz keçməsin. Bunun üçün imkanlar və potensial çoxdur, şansı da pandemiya yaradıb, qalır onları reallaşdırmaq”,- Ekspert fikirlərini tamamlayıb.


Teqlər: Turizm  





Xəbər lenti