Məhərrəmlikdə toy olsun, ya olmasın? – Nadir Qocabəylinin yazısı

   Məhərrəmlikdə toy olsun, ya olmasın? –    Nadir Qocabəylinin yazısı
  19 Avqust 2021    Oxunub:3573
İahiyyatçı din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyib: “Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq”.
Aşura günü ərəfəsində bir növ qarğışı xatırladan bir cümləlik bu fikir hazırda sosial şəbəkələrdə geniş və hərtərəfli müzakirə olunur. Onu tənqid edənlər də var, müdafiəsinə qalxanlar da, lağlağı obyektinə çevirənlər də. Mən hörmətli hacının bu fikriylə bağı nəsə demək istəmirəm. Çünki bu onun şəxsi baxışıdır. Bəlkə də, bununla insanları Məhərrəm ayında toy, şadlıq etməkdən çəkindirmək, bəlkə də, söylədiyinə həqiqətən inandığı üçün başqalarını da inandırmaq istəyir. Bəlkə də, bu fikriylə həqiqətən insanları yanlış yoldan çəkindirmək, onları qəzəbə gəlməkdən, bədbəxtlikdən qorumaq istəyir. Ola bilsin ki, Hacı Surxay üçün belə bir şey son dərəcə ağlasığmazdır və bu səbəbdən duyğularını dilə gətirib. Şəxsən mənə bu haqda dəqiq nəsə demək, onun fikrini analiz etmək çətindir, odur ki, öz baxışımı və fikirlərimi bölüşməyə çalışacağam.

Axund Hacı Surxayla təxminən eyni nəsli təmsil etsək də, mən dini yox, dünyəvi dünyagörüşə malik adamam. İbadətlə məşğul olmur, özümü “ənənəvi müsəlman” sayıram. Deyəcəksiniz, bu necə olur? Çox sadə. Azərbaycan xalqının əksəriyyəti kimi, mən də belə böyümüş, belə tərbiyə almışam. Sovet məktəbinə getmiş, ateist ruhda təlim-tərbiyə almış, konfessional yox, elmi-fəlsəfi düşüncəyə meyil etmişəm. Doğrudur, SSRİ dağılanda kommunist-ateist ideologiya öz yerini liberal millətçiliyə, tolerantlığa verdikdən sonra bir çoxları dindar oldular, onları narahat edən məsələlərə, suallara islam dinində cavab tapdılar, bəziləri ibadət əhli, hacı, kərbəlayi, məşədi oldular, ancaq məndə bu alınmadı. Sovet dövründə qatı ateist olmadığım kimi, indi də qatı dindar deyiləm. Ancaq dini ritualları yerinə yetirməsəm də, mənsub olduğum toplumun dini adət və ənənələrinə dözümlü və hörmətlə yanaşıram. Yetər ki, dindar qardaş-bacılarım da mənim panteist mövqeyimə sayğılı olsunlar.

Keçirəm günümüzün sualına: Məhərrəm ayında, yəni məhərrəmlikdə toy etmək olar, yoxsa yox? Bəziləri, xüsusilə də, yeni nəsil ilahiyyatçılar, onların tərəfdarları bunun islam dini ilə heç bir əlaqəsi olmadığını iddia edir, arqumentlər, faktlar gətirir, islam tarixi haqqında biliklərini nümayiş etdirir, müqayisələr aparırlar. Ərz edim ki, bəzən tamamilə haqlı görünürlər? Yəni niyə tutaq ki, təxminən 1400 il əvvəl şəhid olmuş peyğəmbər nəvəsinə 40 gün yas tutduğumuz halda, Qarabağ şəhidlərinə münasibətdə bunu etmirik. Yaxud başqa islam xəlifələrinə, peyğəmbərin özünə bu cür yas saxlanmadığı halda, İmam Hüseynə saxlanır?

Bu suallarda öz-özlüyündə müəyyən məntiq var əlbəttə və ilk baxışda onları verənlər xeyli haqlı görünürlər. Ancaq mən də bu sualları olduğu kimi həmin adamlara ünvanlayıram: sizcə niyə? Bunun səbəbi nədir? Nədən qaynaqlanır bu məsələ? Onun kökündə nə dayanır? Bu haqda düşündünüzmü?

Yəni düşünürsünüz ki, kimsə bunu öz siyasi məqsədləri naminə qabardaraq təbliğ edib və 1400 il yaşada bilib? Elə isə, görün necə də güclü ideologiyadır. Necə bacarıblar bunu?

Elə bilirsiniz ki, yalan-palanla yüz illər boyu davam edən belə bir inanc sistemi yaratmaq olardı? Mən inanmıram. Mümkün olsaydı, başqaları da yaradardı.

Ədəbiyyatda belə bir tezis var: ayağı yerdə olmayan heç bir fantaziya maraqlı, yapışıqlı, cəbedici və uzunömürlü ola bilməz. Məhəmməd Füzuli ilə eyni vaxtda Osmanlı sarayında onlarla şair bəslənirdi. Onlar divan ədəbiyyatının müxtəlif janrlarında bədii ifadə və təsvir vasitələri ilə son dərəcə zəngin bəzədilmiş qəzəllər, qəsidələr, məsnəvilər yazırdılar. Amma heç biri Füzuli qədər geniş yayıla, yaşaya, şöhrət qazana bilmədi. Çoxunuz onlardan birini belə tanımır, amma Türkiyədə Füzulini tanımayan yoxdur. Əsas səbəb odur ki, onların “zəngin” təxəyyüllərinin, ədəbi fantaziyalarının real əsası yox idi. Füzuli böyük romantik idi, ancaq onun qəhrəmanlarının ayağı yerdə idi. Füzulinin möhtəşəm əsərlərindən biri də Kərbəla müsibətinə həsr etdiyi “Hədiqətüs-süəda”dır. Mənası “Xoşbəxtlər bağçası” deməkdir.

Böyük Füzulinin həcmcə ən iri, həm də nəsrlə yazdığı möhtəşəm əsərindəki kiçik bir şeir parçasında şəhidliyi, intiqam almağı, dünyadan kam almaq üçün “nəqdi-can” sərf etməyi, düşmən qarşısında acizlik göstərməyib, çarpışıb-vuruşmağı insanın şərəf və ləyaqəti hesab edir:

Zillət ilə ləzzəti olmaz həyatın, dostlar,
Nəqdi-can sərf eyləyib, dünyada kam almaq gərək.
Əcz ilə dönmək ədudan səhldir, himmət tutub,
Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.


Kərbəla hadisəsi nə qədər dini məzmunda təqdim olunsa da, onun məntiqi mənası, ruhu dünyəvi və bəşəridir. Buradakı şəhidlik, məslək və etiqad uğrunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə qarşı üsyanı, etirazı, bu yolda hətta öz həyatını qurban verməsi, şəhid olması ən yüksək və şərəfli insan amili kimi gösrtərilir. Bu əqidə və məslək döyüşü ona görə həmişə yaşayır ki, onun əsasında mənəvi paklıq, ruhi müqəddəslik, ülvilik və əzəmət var.

Kərbəla müsibəti qısa müddətdə böyük əks-səda və yanğı doğurub, zaman keçdikcə unudulmaq əvəzinə daha da geniş yayılıb. Həzrəti Hüseynin əqidə və imanı uğrunda böyük şücaət göstərərək şəhid olması qəhrəmanlıq və fədakarlıq rəmzinə çevrilib. Hüseynin şəhid olduğu Aşura günü ona yas tutub ağlamaq illər, əsrlər keçdikcə xalqın canına-qanına hopan ənənəyə çevrilib.


Əlbəttə, bütün faciələr kimi, bu faciədən də siyasi məqsədlər üçün istifadə edilib və bu gün də edilməkdədir. Ancaq bunlar həmin hadisənin böyük və anlamlı mahiyyətinə xələl gətirmir. Xalqın yaddaşına əbədi həkk olunmasının, unudulmamasının əsas səbəbi də, zənnimcə, budur. Peyğəmbər nəvəsinin, islam aləminin ikinci nüfuzlu şəxsi sayılan Həzrəti Əlinin oğlu İmam Hüseynin şərin, nahaqqın üzərinə qorxmadan getməsi, siyasət işlətməməsi, geri çəkilməməsi, bu yolda özünü və ailəsini qurban verməsi əqidəli, inanclı, haqsevər, məzlum, dərdli insanlarda istər-istəməz riqqət doğurur. Onlar öz dərlərinə qalib gəlmək üçün bir növ Hüseynin faciəsinə söykənir, ondan güc alırlar. Ölümün gözünə dik baxmağı, haqq yolunda, əqidə yolunda, Vətən yolunda şəhid olmağı Hüseyndən öyrənir, hər ilin bir ayını bu dəhşətli vaqiəni anır, Kərbəla şəhidlərinə yas saxlayır, ehtiram göstərirlər.

Onu da bildirim ki, Füzuli Kərbəla müsibətinə əsər həsr etmiş yeganə şair və yazıçı deyil. Bu hadisə baş verdiyi gündən etibarən ona yüzlərlə əsər ithaf olunub və xalq arasında, müsəlman dünyasında geniş intişar tapmasının əsas səbəblərindən biri də budur. Özü də ilk dövrdə bu əsərlər öz-özünə yaranıb, yəni təbii şəkildə, müəlliflərin öz təşəbbüsü ilə yazılıb. Nə sifariş olunub, nə hər hansı dövlət tərəfindən təşkil edilib, nə də bəxşiş, qonorar naminə qələmə alınıb. Şərq aləmində “Leyli və Məcnun” qəmli sevgi hekayəsi olaraq şöhrət qazandığı kimi, Kərbəla müsibəti də mübarizlik və dönməzlik, əqidə və şəhidlik dastanı olub.

İndi kimlərinsə bunu xalqın yaddaşından silməyə, ona “səhv yolda” olduğunu təlqin etməyə çalışması bir qədər mənasız və qeyri-ciddi davranışdır. Düşünürəm ki, bu hətta əks effekt verə bilər. Bəzi insanları qıcıqlandırar, bir çoxlarında haqlı suallar yaradar.

Axı niyə insanların inancına, müqəddəs bildiyi dəyərlərə qarışılır, hörmətsizlik göstərilir?

Başqa vaxt toya qarşı çıxanlar niyə bu ayda israrla onu təbliğ edirlər? Yəni bu ayda toy etmək bu qədərmi vacibdir? Bu qədərmi, necə deyərlər, taleyüklü məsələdir? Məgər ilin 11 ayını toy çaldıran toplum, bir ayını etməsə, dünya dağılar?


Bəlkə, kimlərsə bunu öz iqtisadi maraqları naminə stimullaşdırır? Yəni məsələn, şadlıq evləri şəbəkəsi toyların məhərrəmlikdə də davam etməsini istəməklə daha çox qazanc əldə etməyə çaslışır. Ola bilməzmi? Əlbəttə, olar!


Xalqımızın əksər hissəsinin inancına hopan, böyük çoxluğun müqəddəsləşdirdiyi, tapındığı bir şeyi birdən-birə kimlərinsə gözdən salmağa çalışmasının, kampaniya aparmasının hansı pozitiv tərəfləri ola bilər? Tutaq ki, məhərrəmlikdə də toy etməyə başladıq, bu bir toplum olaraq bizə nə verir? Bundan nə qazanırıq axı?

Bəlkə, heç olmasa bir ay əlimizə gələni qarnımıza doldurub, sanki harasa tələsən bayağı müsiqilərə dingildəməyi, atılıb-düşməyi, xoruz səsini xatırtladan müğınnilərə qulaq asmağı dayandırmaq daha faydalı olar?

Mənə görə, Məhərrəmlikdə toy etmək həm də ürək-könül məsələsidir. Peyğəmbər nəslinə qəddarcasına soyqırım edildiyi bir ayda toy, şadyanalıq etməmək daha doğru olardı. Şəxsən mənim ürəyim qəbul etməz.

P. S. Onu da bildirim ki, sovet hakimiyyətinin məhərrəmliklə mübarizəsi Həzrəti Hüseynə olan sevgini daha da artırmışdı. Məscidlər olmasa da, insanlar Aşura günləri evlərdə gizli mərasimlər keçirir, şəbihlər təşkil edir, mərsiyə deyir, sinə və zəncir vurur, radioqəbuledicilər vasitəsilə İran radiolarına qulaq asırdılar. Məncə, məhərrəmlikdə toyu təbliğ etməkdənsə, mərasimləri daha yüksək səviyyədə, daha mədəni, sivil, yaxşı təşkil etmək haqqında düşünmək lazımdır.



Teqlər: Qocabəyli   Köşə   Məhərrəmlik  





Xəbər lenti