Azərbaycanda ən böyük kitab evinin açılışı – FOTOLAR

Azərbaycanda ən böyük kitab evinin açılışı – FOTOLAR
  17 Mart 2014    Oxunub:4597
“Kitabevim.Az” kitab evinin mərkəz şöbəsinin açılış mərasimi “28 May” stansiyası yaxınlığında, Puşkin, 26A ünvanında, “AK Center”in 2-ci mərtəbəsində baş tutub.
Telejurnalist Orxan Cabbarlının təqdimatında giriş sözü ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq çıxış etdi. “Kitabevim.Az” layihəsinin rəhbəri olan Ş.Sadiq qeyd etdi ki, 400 kvadrat metrə yaxın sahəni əhatə edən bu kitab evi öz genişliyinə və kitab zənginliyinə görə, Azərbaycanda ilk sayıla bilər.

Layihəyə “Soliton LTD”, “Access Bank” və “Buta Sığorta” kimi şirkətlərin də dəstək olduğunu qeyd edən Ş.Sadiq vurğuladı ki, bu kitab evinin açılışında əsas məqsəd ölkədə kitabçılığın inkişafı və mütaliənin təbliğinə töhfə verməkdir.

“Kitabevim.Az” kitab evində oxucu klubu və müxtəlif şirkətlərin dəstəyi ilə hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunmuşdur. İnsanlar buraya kitab gətirib hədiyyə edə və əvəzində başqa kitablardan da yararlana bilərlər. Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını gəzdirmək üçün seçdiyi bir məkan yaratmaq, monitorlarda əhəmiyyətli kitablardan filmlər vermək, təqdimatlar yayımlamaq da məqsədlərimiz sırasına daxildir.

Yeni kitab evində “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunub və bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılır. Burda yerli və xarici ədəbiyyata aid kitablar tapa bilərsiniz. Eyni zamanda, imza günləri, seminarlar və müxtəlif tədbirlərin keçirilməsi üçün geniş bir guşə də təşkil etmişik. “Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılır. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da olacaq və müştərilər üçün müvafiq şərait yaradılır.

Bakı Atatürk Mərkəzinin direktoru, millət vəkili, professor Nizami Cəfərov çıxış edərək, Azərbaycanda kitaba marağın dirçəlməsinin və bu cür kitab evinin açılmasının vacibliyindən danışıb. O, “Hədəf” Nəşrlərinin və Kitabevim.Az komandasının yüksək səviyyədə iş sərgilədiyini xüsusilə vurğulayaraq, belə kitab evlərindən Bakıda və ölkənin digər şəhərlərində daha çox görmək istədiyini bildirib.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri Hikmət Cavadov isə qeyd etdi ki, bəzən kitab zənginliyi heç də həmişə kitab bazarının inkişafı demək olmur: “Oxuculara lazım olan və onları razı salan ədəbiyyat nümunələrinin davamlı nəşr olunması vacibdir. Mən burda həm zənginlik, həm də keyfiyyət gördüm. Kitabevim.Az komandasına uğurlar arzu edirəm”.

H.Cavadov müəllifi Şəmil Sadiq olan, Heydər Əliyev Fondunun 1-ci vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsüylə 4 dildə nəşr olunmuş “Azərbaycan dilini öyrən” kitabını oxuculara təqdim etdi və bildirdi ki, belə kitabların çox olması diasporçuların işini də asanlaşdırır, Azərbaycanın dünyada təbliğinə təkan verir.

Qalereya




Teqlər:





Xəbər lenti