"Türkiyəyə yardım hərbi-siyasi birliyimizin davamıdır"- Teymur Qasımlı

"Türkiyəyə yardım hərbi-siyasi birliyimizin davamıdır"-   Teymur Qasımlı
  05 Avqust 2021    Oxunub:1678
Son günlər meşə yanğınları dünya gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. Xüsusən, 9 gündür Türkiyədə davam edən genişmiqyaslı yanğınlar bir sıra suallar doğurub. Təbii fəlakətin ölkənin daha çox turizm bölgəsi sayılan cənub və cənub-qərb hissəsində tüğyan etməsi yanğınların qəsdən törədilməsi ehtimalını artırıb.
Məsələni Azvision.az –a şərh edən İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, siyasi analitik Teymur Qasımlı deyib ki, Türkiyə meşə yanğınları ilə bağlı çox həssas bir coğrafi mövqedə yerləşsə də builki yanğınlarda insan amili daha çox şübhə doğurur:

“Türkiyənin meşə sahəsi təxminən 20 milyon 703 min 122 hektardır. Yəni ölkənin quru ərazisinin 26.4 faizi meşə torpaqlarından ibarətdir. Türkiyə hər il meşələrinin bir hissəsini itirir. Meşəçilik Baş Müdirliyinin statistikasına baxsaq görərik ki, son 5 ildə yanmış meşə sahələrinin ölçüsü 55 min futbol sahəsinə bərabərdir. Təəssüf ki, bu yanğınların 100-dən 87-si qəsdən törədilənlərdir. Burada meşə yanğınlarının 98 faizinə insan amilinin səbəb olduğu bildirilir. Ekspertlər qeyd edirlər ki, qlobal istiləşmə səbəbilə istiliyin 30 dərəcəni aşdığı günlərin sayı artıb. Yəni iqlim böhranı da meşə yanğınlarını tətikləyən bir amil olub. Bütün lazımi tədbirlər görülsə belə, Türkiyədə meşə yanğınlarının qarşısını tamamilə almaq mümkün görünmür. Çünki Türkiyə Aralıq dənizi iqlimi səbəbindən meşə yanğınlarına qarşı çox həssas bir coğrafi mövqedədir”.

Teymur Qasımlı məsələnin siyasi tərəfinin də ortaya maraqlı məqamlar çıxardığını bildirib.

Türkiyədə yanğınlarla bağlı daha bir nəfər tutuldu
-Yanğınların PKK terror təşkilatı tərəfindən törədilməsi əsas iddialardan biridir. Əslində Türkiyədə meşə yanğınları son beş ildə kütləvi hal alıb. Ancaq bu ilki fəlakətin Türkiyənin turizim və önəmli bölgələrində baş verməsi diqqət çəkir.Yanğınların PKK-ya bağlı müəyyən qrupların törətməsi yavaş-yavaş təsdiqini tapır. Ekoloji terrorda əsasən PKK-nın qolu olan “Atəş Uşaqları” adlı qrup öndərlik edib. Yəni hazırda davam edən yanğınlarda PKK izinin olmasına, fəlakətin süni şəkildə yaradılmasına dair xeyli şübəhələr var. Ancaq bu günədək yanğın törətdiyi sübut olunaraq həbs olunan insanların hansısa terror təşkilatına bağlılığı hələlik açıqlanmayıb.

Ərdoğanın açıqlamalarından da belə nəticəyə gəlmək olar ki, ardıcıl meşə yanğınlarının baş verməsində PKK izi var. Düzü, mən də belə düşünürəm ki, indiki yanğınlar sabotajdir. Bu müəyyən arzuolunmaz qüvvələrin Türkiyəyə qarşı yeni oyunu ola bilər. Hətta yanğınların ilk günlərində Türkiyə cəmiyyətində müxtəlif saxta məlumatlar da yayıldı. İnsanları küçələrə çıxmağa səsləyənlər belə oldu. Bunu əsasən PKK-ya bağlı qüvvələr edirdi. Düşünürəm ki, bu genişmiqyaslı yanğınlar Türkiyəyə qarşı terrorun fərqli, yeni metodur”.

Ekspert hazırda yanğınlarla əlaqədar diqqət çəkən məqamlardan biri kimi Azərbaycanın var gücü ilə Türkiyəyə dəstək verməsini göstərib. Bakıdan gedən qardaş yardımı Ankarada da böyük sevinclə qarşılanır:

“Azərbaycan xalqı tarix boyu öz qardaşlarına yardım göstərib. Osmanlı və Türkiyə cümhuriyyəti dövründə həmrəylik, birlik nümayişi ilə bağlı faktlar var. Türkiyədə 1999-cü ildə zəlzələ olanda da Azərbaycan dövləti öz dəstəyini əsirgəməmişdi. Bundan əvvəl baş verən yanğınlarda müəyyən yardımlar etdik. Hazırda isə təbii fəlakət geniş miqyas aldığı üçün Azərbaycan dövləti az qala hər gün Türkiyəyə xüsusi qruplar, texniki vasitələr göndərir.

Təbii ki, bu cür fərqli yanaşma, yəni normal yardımlardan fərqli olaraq Ankaraya dərhal qardaş dəstəyi göstərilməsi iki xalqın bir-birinə sıx tellərlə bağlı olması ilə əlaqədardır. Türkiyə bizim haqlı davamızda daim yanımızda oldu. Biz bunu unutmayacağıq. İndiki həmrəyliyimiz, dəstəyimiz isə Vətən müharibəsindəki birgə addımlamağımızın davamı sayıla bilər. Biz yalnız humanitar, texniki yardımlar göstərmirik, dünyaya bir siyasi mesaj da veririk. Hazırda Azərbaycandan sonra Ankaraya ən çox yardim edən ölkə Ukraynadır. Amma onlar belə bizim sərgilədiyimiz qardaş münasibətini təkrarlaya bilmirlər”.

Tural Tağıyev
Azvision.az



Teqlər:   PKK   Yanğın   Azərbaycan   Türkiyə   Dəstək  





Xəbər lenti