"İranla əlaqələrin inkişafı birinci dərəcəlidir" - Paşinyan Tehrandadır

 "İranla əlaqələrin inkişafı birinci dərəcəlidir" -  Paşinyan Tehrandadır
  05 Avqust 2021    Oxunub:5385
İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan prezident İbrahim Rəisi ilə görüşüb. Rəisi görüş zamanı Tehranın dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına önəm verdiyini söyləyib.
Azvision.az xəbər verir ki, Paşinyan öz növbəsində, Rəisini prezident seçilməsi münasibətilə təbrik edərək, İranla əlaqələrin inkişafının Ermənistan üçün birinci dərəcəli əhəmiyyət daşıdığını vurğulayıb.

"Biz dialoqumuzu birgə səylərlə davam etdirməyə və ikitərəfli əməkdaşlığın gündəliyini zənginləşdirməyə hazırıq. Bu gün burada olmağım əməkdaşlığı ən yüksək səviyyədə dərinləşdirmək və gücləndirmək niyyətimizi göstərir", - Paşinyan deyib.

Paşinyan İranın erməni icmasının əsas rolunu qeyd edib, ermənilərin milli kimliyinin qorunması üçün bütün şəraiti yaratdığına görə ölkə hökumətinə təşəkkürünü bildirib.

Tərəflər ticarət -iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. “Mehri” azad iqtisadi zonasının aktivləşməsi və İranla Avrasiya İqtisadi ittifaqı arasında sərbəst ticarət rejiminin bunun təşviqində rolunu vurğulayıb.

Paşinyan İranın Şimal-Cənub avtomobil yolunun tikintisinə marağını alqışlayaraq, Ermənistan hökumətinin İran şirkətlərinin Sisian-Mehri hissəsinin tikintisi üzrə tenderdə iştirakını müzakirə etməyə hazır olduğunu söyləyib.

Tərəflər enerji sahəsində əməkdaşlığa da toxunublar. Xüsusilə, İran-Ermənistan elektrikverilişi xəttinin tikintisindəki irəliləyiş, qaz-elektrik mübadiləsi proqramının uzadılması və genişləndirilməsi məsələləri müzakirə edib.

Paşinyan İranın bölgədə sülh və sabitlik yaratmaq üçün atdığı ardıcıl addımların əhəmiyyətini də vurğulayıb.

Rəisi, öz növbəsində, bölgədə sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyinə diqqət çəkib, İran tərəfinin bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri saydığını söyləyib.

Görüşün sonunda Paşinyan Rəisini Ermənistana dəvət edib. İran lideri dəvəti qəbul edib.

Paşinyan bu gün Rəisinin inauqurasiya mərasiminə qatılacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Ermənistan  





Xəbər lenti