ABADA əməkdaşlığını genişləndirir - FOTO

ABADA əməkdaşlığını genişləndirir -    FOTO
  05 Avqust 2021    Oxunub:1526
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) innovativ layihələri olan “Azexport" portalı və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi (İDM) Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası (ABADA) ilə görüş keçirib.
İİTKM-dən Azvision.az-a verilən məlumata görə, portalın rəhbəri Ayxan Qədəşov əvvəlcə onun fəaliyyəti barədə məlumat verib,portala ixrac sifarişləri ilə yanaşı, beynəlxalq yükdaşıma sorğularının da daxil olduğunu vurğulayıb. O, daxil olan yükdaşıma sorğularının ABADA-ya təqdim olunması potensial əməkdaşlıq istiqamətlərindən biri olduğunu qeyd edib. Tədbirdə “Carnet TIR”ın geniş tətbiqi rəsmiləşmə prosesinin daha sürətli həyata keçirilməsində, həmçinin, yerli yükdaşıma şirkətlərinin xidmət ixracının artmasında əhəmiyyətli rolu olduğu vurğulanıb.



Daha sonra İİTKM-nın departament direktoru Nicat Hacızadə İDM-nin xidmətləri barədə məlumat verib. O, beynəlxalq yükdaşımalarında yerli şirkətlərin bazar payının artması məqsədi ilə loqistika sahəsində “ISO” standartlarının geniş tətbiqinin əhəmiyyətindən danışıb, ABADA və İDM arasında potensial əməkdaşlıq istiqamətlərinə dair qeydlərlə çıxış edib.



Görüşdə ABADA-nın ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Məmmədov təmsil etdiyi qurumun fəaliyyətinə dair ətraflı məlumatlar təqdim edib. Bildirilib ki, beynəlxalq yükdaşımalar zamanı sürücülərin və daşıma prosesinin təhlükəsizliyinin təmin olunması məqsədilə mütəmadi maarifləndirmə işləri aparılır. Həmçinin, sürücü heyətinin peşəkarlığının artırılması məqsədilə uzunmüddətli və qısamüddətli müxtəlif təlimlər təşkil olunur.



Keçirilən təlimlər sürücülərin peşəkarlıq səviyyəsinin artırılması ilə yanaşı, onların xarici dil biliklərinin təkmilləşməsini də əhatə edir. 1993-cu ildən fəaliyyət göstərən ABADA və Mərkəzin innovativ layihələrinin birgə təşkilatçılığı ilə beynəlxalq yükdaşıma iştirakçılarının dəstəklənməsi məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Azvision.az


Teqlər: ABADA   İİTKM  





Xəbər lenti