Pekinin Tacikistandakı “yumşaq gücü”

Pekinin Tacikistandakı    “yumşaq gücü”
  03 Avqust 2021    Oxunub:1239
Əfqanıstanda hakimiyyətə yiyələnə, paytaxt Kabil üzərində nəzarəti ələ keçirə bilməyən Taliban Çinin investisiyalarına ümid edir. Bu məqsədlə hərəkatın nümayəndələri tez-tez Pekinə gedirlər. Maraqlıdır ki, Taliban hərəkatının gələcək planlarından çəkinən Mərkəzi Asiya ölkələri də faktiki olaraq Çinin yatırımlarından asılıdırlar. Qazaxıstan və Qırğızıstan illərdir bu siyasəti yürüdür.
Mərkəzi Asiyanın ən kasıb ölkəsi olan Tacikistan da Çin yatırımlarına bütün qapılarını açıb.
Hazırda Orta Asiyada, xüsusən də Tacikistan ətrafında cərəyan edən prosesləri Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Tacikistanın Çinə artan borcu o həddə çatıb ki, Düşənbə bir neçə iri yatağının istismarını borc əvəzi Pekinə məxsus şirkətlərə peşkəş edib:

“Çin Tacikistanda “yumşaq gücün” bütün imkanlatından yararlanır. Tacikistan kasıb dövlət olsa da, qızıl, mis və digər zəngin yataqlara malikdir. Tacikistanın Əfqanıstanla uzun sərhəddə malik olması da Pekinin diqqət mərkəzindədir. Çin üçün Tacikistan-Əfqanıstan sərhəddində mövqelərini gücləndirmək ona görə vacibdir ki, bu bölgədə radikal uyğurları neytrallaşdıra bilmək imkanı qazanır. Çində 5 min tacik tələbə təhsil alır. Tacikistanın özündə çin dili kurslarını sayı artır, Düşənbədə iki Konfutsi Mərkəzi fəaliyyət göstərir. Bunlar “yumşaq gücün” əsas istiqamətləridir.

Rusiya və Qərb ölkələri Tacikistana yatırım qoymurlar, onların əvəzinə bütün bu çalışmaları Çin həyata keçirir və buna görə müsbət bəhrələr Pekinə çatır. Bəlkə də elə buna görə Tacikistan Rusiyanın təsis etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulmayıb.



Kasıb Tacikistanın Çinə 1.2 milyard dollar borcu var. Pekin Qərb ölkələrindən fərqli olaraq investisiya əvəzinə ağır şərtlər irəli sürmür. Çinin investisiyalar əvəzinə əsas şərti şirkətlərinin həmin ölkədə fəaliyyətinə şəraitin yaradılmasıdır. Düşənbə bu şərti artıqlamasıyla yerinə yetirir. Bu şərtin ardınca Çin həmin ölkələrdəki layihələrdə vətəndaşlarını yerləşdirməyə müvəffəq olur”.

Politoloq deyir ki, Tacikistanın qızıl mədənlərinin 80 faizi Çinə məxsusdur. Son 14 ildə Düşənbənin Pekinə borcu isə 6 dəfə artıb:

“Bu ölkədə 400-ə yaxın Çin şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər həm böyük pay sahibidirlər, həm də Tacikistan büdcəsinin formalaşmasında mühüm rol oynayırlar. Düşənbəyə ən çox humanitar yardım edən də Çindir. Qazaxıstan və Qırğızıstandan fərqli olaraq Tacikistanda Çin şirkətlərinə qarşı narazılıq halları qeydə alınmayıb. Tacik vətəndaşları işsizlikdənsə, Çin şirkətlərində ağır şərtlər altında çalışmağa üstünlük verirlər.

Çinin Tacikistana verdiyi dəstək başqa ölkələrdə olduğu kimi qarşılıqsız deyil. Rəsmi Düşənbə Pekinin istəyi ilə fəal uyğurları Pekinə iadə edir. Çin xüsusi xidmət orqanları Tacikistanda tam sərbəstdirlər.

Asiya nəhənginin Tacikistanda rəsmi hərbi bazası olmasa da, iki ölkə arasında hərbi əməkdaşlıq mövcuddur. Məsələn, Çin Tacikistan müdafiə sisteminin modernləşdirilməsində iştirak edir. Tacikistanda 2018-ci ildə terror və ekstremizmlə mübarizə mərkəzi yaradıldı. Tacik hərbçilər Çinin hərbi akademiyalarında təhsil alırlar. İki ölkə arasında zaman-zaman birgə hərbi təlimlər də keçirilir. Mütəxəssislərin rəyinə görə, bütün bunlardan sonra Çin üçün Tacikistanda hərbi baza formalaşdırmaq problem deyil”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Çin   Tacikistan  





Xəbər lenti