Qarabağda 14 minə yaxın evin inventarlaşdırılması tamamlanıb

   Qarabağda 14 minə yaxın evin inventarlaşdırılması tamamlanıb
  31 İyul 2021    Oxunub:1773
Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilib.

Qeyd edilib ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 911 daşınmaz əmlakın (11 016 ədəd tikili və 2 895 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb və Laçın rayonunda işlər davam etdirilir. Həmçinin ilkin inventarlaşdırması aparılmış əmlakların 5 165 (37.1 %) ədədinin əsasən yararlı, 4411 (31.7 %) ədədinin qismən yararlı, 4335 (31.2 %) ədədinin isə yararsız vəziyyətdə olduğu müəyyən edilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunub.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti