Səfir İrəvanı sülh müqaviləsi imzalamağa çağırıb

   Səfir İrəvanı sülh müqaviləsi imzalamağa çağırıb
  28 İyul 2021    Oxunub:981
Bakı İrəvanı sülh müqaviləsi imzalamağa, sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmağa çağırır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibəsində bildirib.

Səfir Qarabağda müharibənin başa çatdığını vurğulayıb.

"Öz tərəfimizdən dəfələrlə müharibənin bitdiyini, münaqişənin keçmişdə qaldığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh müqaviləsi imzalamalı və sərhədlərin delimitasiyası məsələsinə konstruktiv yanaşmalı olduğunu bəyan etmişik”, - Bülbüloğlu söyləyib.

Səfirin sözlərinə görə, İrəvan Bakı ilə münasibətlərin nizamlanmasını uzadır: "Ermənistan tərəfi yenidən dövlətlərarası münasibətlərin tənzimlənməsi prosesini uzatmağa çalışır və bununla da bütün bölgənin hərtərəfli inkişafı üçün yeni şərtlərin yaradılmasına mane olur".

Rusiya kontingentinin bölgədə qalma müddətinin uzadılması ilə əlaqədar olaraq, səfir "bü gün bu barədə danışmaq yəqin ki, hələ tezdir", deyib.

“Müvəqqəti olaraq Azərbaycan Respublikası ərazisində yerləşən Rusiyanın sülhməramlı kontingenti ona həvalə edilmiş hərbi və humanitar tapşırıqları yerinə yetirməyə davam edir. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş tapşırıqları icra etmək üçün maksimum səy göstərməliyik", - Bülbüloğlu söyləyib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Polad-Bülbüloğlu  





Xəbər lenti