Sərhəd təxribatında Qərb izi: İrəvan delimitasiyanı niyə uzadır?

      Sərhəd təxribatında Qərb izi:   İrəvan delimitasiyanı niyə uzadır?
  28 İyul 2021    Oxunub:987
Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törətməkdə davam edir. Erməni hərbçilər iyul ayında sistematik şəkildə Naxçıvan, Laçın, Kəlbəcər, Tovuz və Gədəbəy istiqamətlərində Azərbaycan silahlı qüvvələrinin mövqelərini intensiv atəşə tutublar. Düşmən Kəlbəcərlə sərhəddə vəziyyətin xüsusilə gərginləşməsinə çalışır.
Siyasi ekspertlər deyirlər ki, rəsmi İrəvanın bu cür davranışlarının arxasında ciddi xarici maraqlar dayanır. Çünki Ermənistanın hərbi-siyasi rəhbərliyi hazırda üçüncü tərəfi Azərbaycanla sərhəd məsələlərinə cəlb etməyə çalışırlar. Bu ay sərhədlərdə törədilmiş təxribatlar da eyni məqsədlərə xidmət edir.

Məsələni Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyir ki, ordusu darmadağın olmuş bir ölkənin hərbi qarşıdurmalara cəhd etməsi, təxribatlarda və lokal döyüşlərdə maraqlı olması intihara bərabərdir. Görünür, bu işin arxasında daha böyük qüvvələr, Ermənistanın xarici dairələr tərəfindən qızışdırılması dayanır. Çünki son olaylar Moskvada Rusiyanın təşəbbüsü ilə sərhəd məsələləri üzrə görüşlərin keçirildiyi ərəfədə baş verir. Son dövrlərdə Fransanın Ermənistandakı səfirinin “münaqişə hələ bitməyib, status məsələsinə baxılmalıdır” kimi bəyanatları, ABŞ-ın Ermənistandakı səfirinin iki ölkənin sərhədyanı ərazisinə səfərini Ermənistan rəhbərliyi, çox güman ki, siyasi dəstək kimi qəbul edib.

- Hazırda regionda çox ciddi proseslər gedir. Burada bir sıra incə detallar var ki, onları nəzərdən qaçırmaq olmaz. Əvvəla, ABŞ-da erməni lobbisi, ermənipərəst qüvvələr ayağa qalxıb. Senator Menendes başda olmaqla, bir neçə fiqur aktivləşib. Ortaya çürük bir iddia atırlar ki, guya Azərbaycan Ermənistanın suveren ərazisinə göz dikib və s. Yəni bununla bağlı rəsmi Vaşinqton nə isə tədbir görməlidir. Yalnız ABŞ-ın deyil, Fransanın, hətta Yunanıstanla Niderlandın belə bəzi siyasi dairələrinin ermənilər üzərindən müəyyən siyasi oyunlara qol qoymalarını müşahidə edirik. Onlar indi İrəvanı öz ideoloji silahları ilə “səfərbər” etməyə çalışırlar ,- Abbasov deyib.


Onun sözlərinə görə, xarici dairələr Ermənistandakı revanşist qüvvələrə mübarizənin hələ bitmədiyi mesajını verirlər. Qərbdə Rusiyanın moderatorluğu ilə davam edən təmaslar fonunda Minsk Qrupunu yenidən diriltməyə çalışırlar. Bununla da Kremlin öndərliyini arxa plana atmaq cəhləri hiss olunur. Bu baxımdan Amerika və Fransa hazırda həmahəng çalışır. Əslində deməzdim ki, hazırkı regiona dair lazımsız proseslər Vaşinqton və Parisdə dövlət səviyyəsində idarə olunur. Sadəcə, bu iki ölkədə elə siyasi sistem var ki, lobbi hərəkətə keçən kimi müəyyən fiqurlar ermənipərəst qüvvələrin maraqlarına uyğun davranmağa məcbur olurlar.
- Düşünməyin ki, lobbinin maraqları yalnız ideoloji və siyasi məsələlər üzərində qurulub. İndi erməni lobbisinin daha çox maddi maraqları aktuallaşıb. Onlar maddiyata hesablanmış geniş proqramlar həyata keçirirlər. Təxribatların gerçəkləşməsi üçün maliyyə resursları yığılır və daha sonra onlar Ermənistandakı beyni yuyulmuş qüvvələrə transfer edilir. Təbii ki, maliyyə resurslarının toplanma mərhələsindən tutmuş, ölkəyə çatdırılması və paylanmasına qədər bütün mərhələlərdə ciddi yeyinti olur. Məsələn, müharibədən sonra bəlli oldu ki, erməni fondları, diaspor tərəfindən transfer olunan pullar heç orduya gedib çıxmayıbmış. Ona görə də, heç kim, nə Ermənistan maraqlarına xidmət edən xarici qüvvələr, məmurlar, senatorlar, deputatlar, nə də İrəvanda oturan hərbi-siyasi rəhbərlik əvvəlki qızışdırıcı dəst-xətdən kənara çıxmaq istəmir ,- Abbasov söyləyib.

Politoloq son sərhəd təxribatından öncə Fransa səfirinin yersiz status və münaqişə açıqlamasını da təsadüfi hal saymayıb. O xatırladıb ki, Emmanuel Makron hələ müharibə dövründə yersiz bəynatlar verirdi. Hazırda isə seçkilərə hazırlaşır və ona görə də, erməni seqmentini fəal şəkildə istismar edir. Vaxtı çatanda bəyan edəcək ki, guya "yalqız qalmış" Ermənistanı tək qoymadı. Məhz Makronun “xidmət”ləri nəticəsində İrəvana böyük dəstək verildi, kömək göstərildi. Amma bu, yanlış siyasətdir: Sərhəddəki təxribat maşınına əsas yanacaq tökən ölkənin lideri ilk növbədə daxili elektoratın diqqətində olan məsələlərin həllində aktivlik göstərməli idi. Bunu bacarmadı.

Tofiq Abbasov onu da vurğulayıb ki, təxribatlar regionda yeni situasiya yaratmayacaq. Həm Ermənistan, həm də İrəvana himayədarlıq edən bəzi xarici mərkəzlər anlamalıdırlar ki, rəsmi Bakı təşəbbüsü heç vaxt əldən verməz: “Bütün hallarda postmüharibə dövründə oyun qaydalarını müəyyən edən qalib tərəfdir. Prezident İlham Əliyevin Rusiyaya səfəri bir daha göstərdi ki, Moskva ilə Bakının baxışları tam üst-üstə düşür, biz həmahəng hərəkət edirik. Bu həmahənglik isə uğurun yarısından çoxu deməkdir. Rusiya ilə Azərbaycanın hədəfləri eynidirsə, regionda İrəvanın başqa fərqli siyasi xətti ola bilərmi? Eyni hədəf, vahid məqsəd İrəvan və onun himayədarları üçün mesaj sayılmalıdır. Qərbdə anlamalıdırlar ki, sərhədlərin tam şəkildə müəyyənləşdirilməsi ilə bağlı heç bir təsadüfi fərqli davranışlar baş tutmayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Sərhəd   ABŞ   Rusiya   Azərbaycan  





Xəbər lenti