Bayramı yasa dönən sənətçinin evindən FOTOREPORTAJ

Bayramı yasa dönən sənətçinin evindən FOTOREPORTAJ
  16 Mart 2014    Oxunub:2029
bu gün xalq artisti Ağasəlim Abdullayevin ailəsində dəhşətli faciə yaşanıb.

Belə ki, martın 15-nə keçən gecə saatlarında Suraxanı rayonu Zığ şosesində xalq artistinin oğlu Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Xalid Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

AzVision.az Publika.az-a istinadən bildirir ki, qəza nəticəsində, xalq artistinin həyat yoldaşı 54 yaşlı Brilliant Abdullayeva və nəvəsi, 5 yaşlı Ağasəlim Abdullayev hadisə yerindəcə keçiniblər. Xalq artisti Ağasəlim Abdullayev, oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Səadət Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xalq artistinə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralılar bu gün səhər saatlarında evə buraxılıblar.

Hadisə haqqında məlumat alan kimi xalq artisti Ağasəlim Abdullayevin Binə qəsəbəsi, Nizami Abbasov küçəsi ev 1, mənzil 30 ünvanında yerləşən evinə baş çəkdik.

İki ailə üzvünü itrən, özü də yaralı vəziyyətdə olan xalq artistini sənət dostları, ailənin yaxınları, Azərbaycanın tanınmış sənətkarları tək qoymamışdı. Yüzlərlə insan Abdullayevlər ailəsinin faciəsini bölüşmək üçün onların qapısına üz tutmuşdu.

Hadisə zamanı maşında olan xalq artisti və oğlu Vüqar Abdullayevlə görüşə bilsək də, ailənin yaxınları gəlini Səadət Abdullayevanın vəziyyətinin ağır olduğunu bildirdilər. Övladının ölüm xəbərindən sarsılan ana indi şok vəziyyətindədir.

Ağasəlim Abdullayev: “Yüksək sürətlə gəlib bizim maşına çırpıldı”

Üz-gözü yaralı olan, hadisənin şokundan hələ də ayılmamış xalq artisti ilə görüşmək çox ağır idi. Hadisənin necə baş verdiyindən xəbəri olmadığını deyən Ağasəlim Abdullayev hər şeyin bir anda olduğunu deyir:

“Nəvəm maşında olduğu üçün mən sürəti 60 - 70 km/saat-dan yuxarı çıxmağa qoymurdum. Biz normal öz yolumuzla gedirdik. “Mersedes” markalı avtomobil həddindən artıq sürətlə gəlirdi, çox güclü zərbə ilə arxadan çırpıldı.

Xalq artisti deyir ki, hadisədən sonra huşunu itirib və heç nədən xəbəri olmayıb: “Mənim heç nədən xəbərim olmayıb. Bir də gecə saat ikidə xəstəxanada gözlərimi açmışam”.

Mərhum Briliant Abdullayevanın bacısı cinayətkarın cəzalandırılmasını istəyir

Yas məclisinin qadınlar olan tərəfindən ah-nalə, ağlaşma səsləri bir an ara vermir. Heç kim hadisəni qəbul edə, dünən yanında əzizini bu gün həmişəlik itirdiyini təsəvvürünə gətirə bilmir.

Mərhum Briliant Abdullayevanın bacısı Zümrüd Zeynalova hər gün olduğu kimi dünən də bacısı ilə telefonla danışdığını deyir. Axşam isə onun dünyasını alt-üst edən bu xəbər gəlir:

“Bəd xəbərlər həmişə gecə yarı gəlir... Gecə uşaqlar zəng vurub xəbər verdilər. Nəvəsini o biri nənəsigildən götürməyə getmişdilər. Çox mehriban idi bacım, hamıya can yandırırdı. Onu itirdiyimə inana bilmirəm.”

Zümrüd xanım cinayətkarın tezliklə cəzalandırılmasını istəyir: “Bir ailəni dağıdıb o insan, cavan bacımı öldürüb, körpə uşağı öldürüb, 3 nəfəri şikəst eliyib, bayramımızı qara gətirib, mütləq cəzasına çatmalıdır.”

Ailə üzvləri hadisənin şokundan ayılmayıb

Analarını itirən Səbuhi Abdullayev və bacısı Yeganə Abdullayevanın ağlayıb bir-birinə sarılması ailənin yaxınlarını da kədərə boğur. Ailənin bu iki üzvü indi öz kədərlərini yaşamaqla yanaşı atalarına və qardaşlarına da dəstək olmaq və onların ayaqda durmasına kömək etmək məcburiyyətindədirlər.

Səbuhi Abdullayev hadisənin təfərrüatlarını danışır. Bildirir ki, hadisə vaxtı maşında 5 nəfər olub: “Qabaqda sürücü qardaşım, yanında atam, arxada isə anam, qardaşımın yoldaşı və oğlu olub. Digər maşın arxadan çırpıldığından arxada oturanların xəsarətləri daha ağır olub. Qəzadan sonra yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirildi, özlərinə gəldikdən sonra evə buraxdılar. Anamı və qardaşımın oğlunu xilas etmək mümkün olmadı.

Bu xəbər xalq artistinin sənət dostlarını da sarsıtdı

Mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayevin sənət dostları da ağır günündə onun yanında idilər. Professor Malik Quliyev, xalq artistləri Fəxrəddin Dadaşov, Canəli Əkbərov, Mənsum İbrahimov, Ağaverdi Paşayev baş verən hadisəni böyük faciə adlandırıblar.

Uzun illər Ağasəlim Abdullayevlər bir yerdə işləyən xalq artisti Fəxrəddin Dadaşov bildirb ki, bu hadisənin günahkarı mütləq cəzalandırılmalıdır: “Ağasəlimin həyat yoldaşı, nəvəsi balaca Ağasəlim dünyasını dəyişdi. Onlarla ailəvi dostuq, xanımı çox gözəl insan idi. Neçə ildir Ağasəlimlə çiyin-çiyinə çalışırıq, bu günə qədər hələ bir uşağın da xətrinə dəyməyib o insan. Bu hadisəni eşidəndə Ağasəlim qədər biz də sarsıldıq.”

Qeyd edək ki, bu gün saat 16:00-da hər iki mərhumun cənazələri yaxınlarının iştirakı ilə Binə qəbristanlığında dəfn olundu.
Hadisənin hüquqi tərəfində gəlincə, Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Polis İdarəsindən ailəyə verilən məlumata görə, artıq qəza törədən “Mersedes” markalı avtomobilin sürücüsü polisə təslim olaraq ifadə verib və təqsirkar olduğunu etiraf edib.

Qalereya




Teqlər:  





Xəbər lenti