Üzüqara getdi... Hər iki mənada - VİDEO

  Üzüqara getdi...  Hər iki mənada -  VİDEO
  24 İyul 2021    Oxunub:7506
Yalançının üzü qara olar. Yalançını mənzilinə qədər qovarlar. Almaniyanın RTL kanalının 39 yaşlı reportyoru Syuzanna Olen bu iki atalar misalını əyani şəkildə sübut edib.
Azvision.az xəbər verir ki, ötən həftə Bad-Myunsterayfeledə (deməyə cəhd göstərməyin, biz özümüz də bu adı tələffüz edə bilmədik) baş verən seldən zərər çəkmiş ərazidən reportaj hazırlayarkən qurama qurub. Belə ki, Olen sel basmış şəhərin zərərçəkmiş sakinlərini görüntüləyərkən, kamera önündə üz-gözü palçıq içində özünü elə aparıb ki, guya sakinlərə kömək etməkdən yorulub, əldən düşüb.


Bir müddət sonra isə onun çəkiliş öncəsi üzünü bilərəkdən palçıqla qaraltdığını göstərən kadrlar mediaya sızıb. Bundan sonra yalanı üzə çıxan sözün hər iki mənasında üzüqara Oleni işdən qovublar.

- Reportyorumuzun davranışı jurnalistikanın prinsiplərinə və kanalımızın standartlarına ziddir. Buna görə də, onun işindən dərhal azad edilməsinə qərar verdik,- RTL kanalının rəhbərliyi açıqlama verib.


Onu haradasa başa düşmək istərdik: Əsl reportyor tutarlı bir kadr əldə etmək üçün nələrdən keçməz ki?! Fəqət, Syuzanna yalana əl atmaqla heç də doğru iş görməyib.


“Good Morning Germany”, “Good Evening RTL” verilişlərinin aparıcısı olan Syuzanna Olen üzünün qarası ilə özünün “Good bye RTL” reportajını çəkmiş olub.

Xatırladaq ki, ötən həftə Belçika, Niderland, Almaniya və Fransa güclü yağışların gətirdiyi təbii fəlakətlə üzləşib. Sel 196 nəfərin həyatına son qoyub, ölkələrə milyardlarla avro ziyan dəyib. Fəlakətin fəsadları Almaniya və Belçikada daha ağır olub.




Səbinə Həsənova
Azvision.az


Teqlər: Almaniya-dağılır   Media   Jurnalist  





Xəbər lenti