Bölgə quruyur: İran və Türkiyədə su ciddi problemə çevrilib

  Bölgə quruyur:  İran və Türkiyədə su ciddi problemə çevrilib
  23 İyul 2021    Oxunub:2131
2021-ci ilin isti yayı region ölkələrini ciddi problemlə üz-üzə qoyub. Əhalisinin getdikcə artdığı, əkin sahələrinin genişləndiyi ölkələrdə su qıtlığı artıq ictimai-siyasi məsələyə çevrilməyə başlayıb. Tropik istilərin getdikcə planetin şimal hissələrinə hərəkət etməsi Yaxın Şərq, Orta və Ön Asiyada iqlim probleminə geosiyasi rəng verməyə başlayıb.
Qarabağın işğaldan azad olunması Azərbaycanı bu problemlə ağır şəkildə üzləşmək perspektivindən xilas edib. İşğal dövründə dağıdılmış su kanalları, kollektorlar və irili-xırdalı arxlar təmir olunmağa başlayıb. Mütəxəssislərin fikrincə, gələn ilin yayına qədər Qarabağdan Aran, Mil və Muğan bölgələrinə içməli suyun verilməsi məsələsi həllini tapacaq.
Kür Neftçalanı susuz qoya bilər - Rəsmi münasibət

Amma digər ölkələrdə vəziyyət həqiqətən ağırdır. Bir neçə ay əvvəl Orta Asiyanın iki respublikasını - Tacikistan və Qırğızıstanı az qala müharibəyə sürükləyəcək sərhəd toqquşmasının kökündə duran məsələ də məhz su problemi idi.
Cənub qonşumuz İranda vəziyyət olduqca acınacaqlıdır. Ölkənin şimalındakı Urmiya gölünün quruması nəticəsində bölgənin ekosisteminə dəyən zərər hələ hesablanmamış, indi də cənubunda Xuzistan, cənub-şərqdə Bəlucistan əyalətlərində dəhşətli istilər nəticəsində yaranan quraqlıq kütləvi etiraz aksiyalarına və toqquşmalara gətirib çıxarıb.


Xuzistandakı aksiyalar daha genişdir. Əhali və fermerlər hökumətdən su probleminin çözülməsi üçün ciddi addımlar atmağı tələb edirlər. İğtişaşların miqyasını İran hökuməti nə qədər gizli saxlasa da, sosial şəbəkələrdə yayılan görüntülər vəziyyətin çox ağır olduğundan xəbər verir.
Hazırda əsasən ərəblərin yaşadığı Xuzistan vilayətinə İranın təhlükəsizlik qüvvələri, “SEPAH” korpusunun əsgərləri və zirehl texnikası yeridilib.


Qonşu və qardaş ölkə Türkiyədə də quraqlıq əksər su anbarlarını, irili-xırdalı çayları qurudub. İstanbul başda olmaqla bir çox böyük şəhərlərdə su problemi yaşanır. İstanbulu içməli su ilə təmin edən anbarlarda suyun səviyyəsi 30%-ə qədər düşüb. Türkiyə Milli Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, istilər bir neçə həftə də davam etsə, ölkədə fövqəladə vəziyyət elan olunması gündəmə gələcək. Çünki istilərin yol açdığı meşə yanğınlarının miqyası daha genişlənir, isti havada yanğınla mübarizə isə demək olar ki, mümkünsüz hala gəlir.

Regionun ən zəngin su ehtiyatlarına sahib olan ölkədə bu vəziyyətin yaranması vəziyyətin ağırlığını göz önünə sərir. Artıq bir çox ölkələr yeraltı su mənbələrindən istifadə üçün qazıntı işlərinə start veriblər. Bu gedişlə içməli suyun gələcəkdə dünyanın geosiyasi konstruksiyasını dəyişəcək amil olacağına heç bir şübhə qalmır. Vəziyyət suya qənaətin, bu nemətdən rasional istifadənin, içməli və texniki suyun fərqləndirilməsinin və s. addımların labüdlüyünü diqtə edir.

Şahin Ömər
Azvision.az


Teqlər:   Su   İran   Türkiyə  





Xəbər lenti