Rusiya yeni hipersəs raketini sınaqdan keçirdi - VİDEO

  21 İyul 2021    Oxunub :2220
   Rusiya yeni hipersəs raketini sınaqdan keçirdi -    VİDEO
Rusiyanın hipersəs sürətli “Sirkon” ("Циркон") raketinin sınaqları uğurla keçib. Ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ağ dənizdəki “Admiral Qorşkov” gəmisindən buraxılan raket səsdən 7 dəfə sürətli uçaraq, Barents dənizi sahilindəki hədəfi 350 kilometr məsafədən məhv edib.
AzVision.az “Zvezda” televiziyasına istinadla xəbər verir ki, Rusiya bu raketləri gəmi və sualtı qayıqlarında silahlanmaya daxil edəcək.


Yada salaq ki, prezident Putin 2018-ci ildə yeni hipersəs sürətli silah yaratdıqlarını deyərək, bildirmişdi ki, bu raketlər ABŞ-ın hava hücumundan müdafiə sistemlərinə yaxalanmadan dünyadakı istənilən hədəfi məhv etməyə qadirdir. 2019-cu ildə Rusiya prezidenti əgər ABŞ Avropada orta və uzaq mənzilli raketləri yerləşdirməyə davam edərsə, Amerikaya yaxın sularda üzən gəmi və sualtı qayıqların yeni hipersəs sürətli raketlərlə silahlandırılacağını bəyan etmişdi.


Qərb ekspertləri yeni silahın imkanlarına müəyyən şübhələrlə yanaşsalar da, onun sürətinin və manevr imkanlarının bu raketlərin yaxalanmasını çətinləşdirəcəyini etiraf edirlər.


Xatırladaq ki, Rusiyanın hipersəs sürətli daha iki raketi də var: “Avanqard” və “Kinjal”.

Hipersəs silahları – səsdən azı 5-6 dəfə sürətli hərəkət edən və bu zaman manevr qabiliyyətini saxlayan silahlara deyilir. Söhbət minimum 6120 km/saat, yaxud 5Max sürətdən gedir.

Samir Quliyev
Azvision.az

Teqlər: Rusiya  






Xəbər lenti