ABŞ-da ərəb agenti qalmaqalı: Trampın keçmiş müşaviri həbs edildi

   ABŞ-da ərəb agenti qalmaqalı:   Trampın keçmiş müşaviri həbs edildi
  21 İyul 2021    Oxunub:1254
ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşaviri olmuş Tomas Barrak həbs edilib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Nyu-Yorkda keçirilən məhkəmə zamanı Tomas Barrak və digərlərinə qarşı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-dakı mənafelərinin qanunsuz lobbiçiliyinə dair iddia irəli sürülüb.
AzVision.azxəbər verir ki, lobbiçiliyin BƏƏ rəsmilərinin göstərişi ilə 2016-cı il prezident seçkilərində o zamankı namizədə təsir etmək məqsədilə həyata keçirildiyi söylənilir. Sənədlərdə 74 yaşlı milyarder Barrak və BƏƏ-nin agentləri kimi təqdim olunan 3 nəfərin 2016-cı ilin aprelindən 2018-ci il aprelinədək arzuolunmaz fəaliyyətlərdə adları hallanıb. Barrak eyni zamanda ədalət mühakiməsinə mane olmaq və federal hüquq-mühafizə orqanlarına çoxsaylı yalan ifadələr verməkdə günahlandırılır.
Tramp prezidentlik illərində 2,4 milyard dollar qazanıb

Ümumilikdə təqsirləndirilənlərin BƏƏ-nin maraqlarını təmin etmək üçün çoxlu addımlar atdıqları qeyd olunur. Məsələn, 2016-cı ilin may ayında Barrak bir namizədin çıxışına BƏƏ-ni tərifləyən sözlər əlavə edib və ərəb ölkəsi ilə bağlı xüsusi nəşrləri mediada yayımlayıb.

Prezident seçkilərindən sonra müttəhimlər dəfələrlə BƏƏ rəsmilərinin göstərişilə administrasiyanın bu ölkəyə qarşı xarici siyasət mövqelərinə təsir göstərmək üçün addımlar atıblar.



Qalmaqallı məhkəmə işi ilə bağlı Nyu Yorkun Şərq bölgəsinin prokuroru Jaklin Kasulis deyib ki, təqsirləndirilənlər prezident seçkiləri ilində vəzifə və təsir vasitələrindən istifadə ediblər. Onlar Ərəb Əmirliklərinin mənafelərini qanunsuz təbliğ ediblər. "İnsanlar xarici hökumətin bizim dövlətin siyasətinə və ictimai fikrimizə təsir göstərməyə çalışdığını bilməlidirlər” ,- Kasulis deyib.

Onun sözlərinə görə, bu şəxslərin həbsi xarici qüvvələrin əmri ilə hərəkət edənlərə, habelə bu cür fəaliyyətləri ilə bağlı müstəntiqləri aldatmağa çalışanlara nə vaxtsa mühakimə ediləcəklərinə və cəzalandırılacağına dair xəbərdarlıq rolunu oynayır.

Qeyd edək ki, cinayət işi ilə bağlı materiallarda Barrakın 2016-cı ilin aprelindən noyabr ayınadək prezidentliyə namizədin kampaniyasında qeyri-rəsmi məsləhətçi vəzifəsində çalışdığı yazılıb. 2016-cı ilin noyabrından 2017-ci ilin yanvarına qədər isə prezidentin andiçmə komitəsinin sədri vəzifəsini həyata keçirib. O 2017-ci ilin yanvar ayından bəri ABŞ-ın Orta Şərqdəki xarici siyasəti ilə əlaqəli mövzularda hökumət rəsmilərinə qeyri-rəsmi olaraq tövsiyələr verib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Tramp   Məhkəmə   BƏƏ   Müşavir   Agent   Lobbi  





Xəbər lenti