"Avropa şirkətləri ilə əməkdaşlıq vacibdir" - Deputat

"Avropa şirkətləri ilə əməkdaşlıq vacibdir" -    Deputat
  19 İyul 2021    Oxunub:2034
Avropa şirkəti azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev bildirib.

Işğaldan azad olunan torpaqlarımızda Avropa şirkətləri ilə əməkdaşlıq “qədim qitə” ilə ölkəmizin iqtisadi əlaqələrini genişləndirməklə yanaşı, eyni zamanda erməni işğalı nəticəsində tamamilə dağıdılmış ərazilərimizin daha intensiv bərpası baxımdan vacibdir.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır. İttifaqın bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. Deputat qeyd edib ki, Azərbaycanın xarici ticarətində bu qurumun payı isə 40 faizdən çoxdur.

"Alternativ, o cümlədən günəş enerjisi istehsalında Avropa Birliyi xüsusi təcrübəyə malikdir. 2004-cü ildə birliyin ümumi enerji istehlakının 8,5%-ni bərpa olunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7%-ə yüksəlib. Bu qurumun 2030-cu illəri əhatə edən enerji strategiyasına əsasən, növbəti 9 ildə bərpa olunan enerji resurslarının payı 27%-ə yüksələcəyi hədəflənir.

Azərbaycanın və eləcə də işğaldan azad olunan ərazilərimizin böyük alternativ enerji potensialı var. Energetika Nazirliyinin hesablamalarına görə, ölkəmizdə günəşli günlər il ərzində 2500-3200 saat arasında dəyişir. Bakı və ətraf ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Nazirliyin hesablamalarına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür".

V.Bayramov bildirib ki, Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir.

"Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, işğaldan azad olunan ərazilərimizin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə, Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Bütövlükdə, günəş və külək enerjisindən aktiv şəkildə istifadə edilməsi “Yaşıl enerji” konsepsiyasının əsas elementlərindəndir. İşğaldan azad olunmuş ərazilərimizin potensialının böyük olmasını nəzərə alsaq bu da həmin ərazilərdə istehsal olunan enerjinin həm də digər rayonlara nəql edilməsinə imkan yaradacaq.

Qeyd edək ki, bu il iyunun 3-də Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb".

Azvision.az




Teqlər: Günəş-enerjisi  





Xəbər lenti