Prezidentlərin içdiyi konyakın hazırlandığı yerdən REPORTAJ

Prezidentlərin içdiyi konyakın hazırlandığı yerdən REPORTAJ
  14 Mart 2014    Oxunub:6280
Belə bir deyim var: “Konyak təkcə damarları yox, həm də əlaqələri genişləndirir”. Bir qrup Azərbaycan jurnalistlərinin Hennessy Evi tərəfindən Şaranta departamentinə dəvətini də beynəlxalq əlaqələrin genişlənməsini bir növ zəmin saymaq olar. Konyakın vətəni sayılan Fransada, Konyak şəhərində bu içkinin harada, necə, hansı şərtlərlə hazırlandığını görmək və əlbəttə ki, dequstasiya etmək şərtilə təbii ki.

Məlumat üçün deyək ki, Hennessi Evi, 1765-ci ildə, Fransa kralı XV Lüdovikin hərbi batalyonunda xidmət edən Ricard Hennessi tərəfindən yaradılıb. 1745-ci ildə müharibədə yaralanan və hərbi xidmətdən azad edildikdən sonra Şaranta departamentinin Konyak şəhərciyində yerləşir.

Artıq 250 yaşı olan Hennessy, qədim və məşhur fransız konyak evlərindən biri sayılır. Fransız şampan şərabları Moët & Chandon fransız holdinqinin tərkibinə daxildir.

Château de Bagnolet-də bir gün...

Azərbaycandan Fransaya qədər uzun yol qət etmiş qonaqları Château de Bagnolet adlanan malikanədə yerlşdirdilər. Konyak şəhərinin bir neçə kilometrliyində yerləşən bu qəsr –malikanə Hennessi şirkətinin rəsmi qonaq evi sayılır. Amma burda da hər könlü istəyən qonaq qala bilməz. Yalnız istisna hallarda və yalnız vacib qonaqlar Château de Bagnolet adlanan qəsrdə qəbul edilir. Bu baxımdan, özümüzü şanslı saya bilərik.

İkimərtəbəli bu qəsrin iki əsrdən çox yaşı var. Qədimiliyi təkcə interyerindən yox, həm də ab-havasından hiss olunur. Hər bir detal, hətta aurasında belə tarixin nəfəsi duyulur. Dəbdəbəli zallar, yemək otağı, kitabxana, foye, botanik gül buketlərinin yetişdirildiyi möhtəşəm qış bağçası, eləcə də malikanədəki qəribə səssizlik belə insanda qarışıq hisslər oyadırdı. Qəsrin gülərüz əməkdaşları – kamerdinerlər, özümüzü evimizdəki kimi hiss etməyimiz üçün əllərindən gələni edirdilər. Cənnəti xatırladan təbiət mənzərəsi, palıd, şabalıd, hətta bambuk ağacları ilə bəzədilmiş, ceyranların, qazların, ördəklərin məskunlaşdığı geniş park, torpaq ətri qoxan yaşıl çəmənlik və şırıltısı lirik musiqi səsini verən Şaranta çayı... Bir sözlə, gül gülü çağırır, bülbül bülbülü. Qəsr ətrafındakı landşaft dizaynını vəsf etməyə şair istedadı belə kifayət etməz...

Zalın kənarındakı jurnal masasından böyük həcmli təəssüratlar kitabı qoyulmuşdu, harda ki, Alen Delon, Edrien Broudi, Brayan de Palma və digər məhşurları öz ürək sözlərini yazmışdılar. Bunu adət bilib biz də qonağı olduğumuz məkanda təəssüratlarımızı kitaba həkk elədik...

Konyak istehsalı ilə tanışlıq

`Hennessy` konyaklarının hazırlanması uzun əməyin nəticəsidir. Tam hazırlıq vəziyyətinə gətirilənə qədər xüsusi qayğı, diqqət, sevgi və məsuliyyətli yanaşma tələb edir. Hennessy Evinin səfiri Mark Boissonet, Azərbaycan jurnalistlərini üzüm tənəkliklərində gəzdirərək nektarın hazırlanma mərhələlərindən danışır: “Hər şey burdan başlanır. Bir neçə növdə yetişdirilmiş üzüm məhsulları 1 ay ərzində yığılıb dərhal sıxılmaya göndərilir. Bu proses böyük metal cihazlarla - pnevmatik presslər vasitəsilə edilir. Daha spnra alınmış şirə, qıcqırmaya göndərilir. Sıxılma və qıcqırma prosesinə xüsusi nəzarət edilir. Çünki, konyak spirtinin keyfiyyətli alınması, məhz bu iki vacib faktordan asılıdır. Daha sonra distillə mərhələsi başlanır. Hennessi Evinin tələblərinə tam cavab verən ağ şirəli üzüm sortları, böyük mis distillyatorlarda ikili distillə prosesi keçir. Və yalnız üzümlüklərdən alınmış konyak spirtləri, fərqli qoxusu və tutumu ilə əfsanəvi Hennessy tərkibinə daxil ola bilir”.

Konyak spirtlərinin zirzəmi “həyatı”

Konyak istehsalında ən uzunmüddətli mərhələ tutumdur. Konyak spirtləri palıd ağacından, xüsusi zavodlarda və xüsusi qayda ilə hazırlanmış çəlləklərdə, yarımqaranlıq zirzəmilərdə saxlanılır. Zirzəmilər isə Şaranta çayının bir başqa sahilində yerləşir, hara ki, Richard Hennessy adlı gəzinti katerində yollandıq.

Hennessi Evinin səfiri Mark Boissonet onu da əlavə etdi ki, çəlləklərin palıd ağacından hazırlanmasında xüsusi özəllik var. Belə ki, məhz palıd ağacından hazırlanmış çəlləklər, konyakın fiziki tərkibini, rəngini, tutumun dəyişməsinə təsir göstərə bilir.

Konyak spirtinin istənilən tutumun, ekstraktın, hətta ətirin əmələ gəldiyini görmək üçünsə bəzən insan ömrü yetmir. Təsadüfi deyil ki, çəlləklərin üzərində gözəl xətlə yazılmış spitlərin təslim tarixinə, mal verənin adı, soyadının yazıldığına diqqət etsək, 100-150 il öncəki rəqəmləri görmək mümkün. Və qəribəsi bu idi ki, həmin konyak spirtləri hələ də tutumun hasil olmasını gözləyir. Nadir konyak növlərinin hazırlanmasında istifadə olunan uzun illik spirtlər isə tənəklərlə hörülmüş şüşə butulkalarda saxlanılır. Ən qədim spirt, 1798-ci ildə, Riçard Hennessinin dövründə hazırlanıb. Yeri gəlmişkən, konyak satışı üzrə dünyada birinci yeri tutan Henessy Evi, il ərzində 50 milyon konyak butulkası istehsal edir.

Dequstasiya

Dequstasiya zalındayıq. Konyak içkiləri istehsalata buraxılmazdan öncə 7 nəfərdən ibarət mütəxəssisin dequstasiyasından keçilir. Henessy kampaniyasında uzun illərdir ki, çalışan yeganə xanım dequstator Eliza Lemestr deyir ki, içkinin təamını yoxlayan əməkdaşların özlərinə də xüsusi tələblər, qadağalar var. Məsələn, dequstasiya öncəsi kofe, çay içmək, ətirlənmək qadağandır. Çünki, bu, konyak təamını hiss etməyə mane olur.

Dequstasiya mərhələsində həm də məlum olur ki, sən demə, konyak qədəhini düzgün tutmaq da bir incəlik tələb edir. Yəni, qəbul edilmiş qaydaya görə, gədəhi nə piyalə, nə də alt hissəsindən tutmaq olar. Ən doğrusu qədəhin ölçüsündən asılı olaraq orta, işarə və baş barmaqla tutmaq lazımdır. Çeçələ barmağı qabarıq şəkildə kənarlaşdıraraq incə görünüş yaratmaq istəyi isə əksinə pis adət sayılır.

Müxtəlif tutumlu konyak spirtlərinin dadına gəlincə, ilkin prosesdən tam dad hasil olmuş növə qədər yoxlamaq bəlkə də ən maraqlı proses idi. Ən cavan konyak spirti rəngsiz olur, saf suyu xatırladır. Sonra bir qədər qatılaşmış, rəngi və dadı dəyimiş hal alır. Dequstasiya zamanı vacib şərtlərdən biri də məhlulu udmadan dadına baxmaqdır. 10-dan artıq növdə içkinin qəbulu həm sərxoşluğa, həm də dad qarışıqlığına səbəb ola bilər...

Hennessy Azərbaycanda...

Hennessy kolleksiyası bu gün 100-dən çox konyak növünü özündə ehtiva edir - Hennessy V.S. (Very Special), Hennessy V.S.O.P. Privilege (Very Superior Old Pale), Hennessy X.O. (Extra Old), Hennessy Paradis, Hennessy Richard, Hennessy Library, Hennessy Private Reserve, Hennessy Private Reserve 1865, Hennessy Timeless, Hennessy Ellipse, Hennessy Mathusalem, Hennessy 888, Hennessy 44 Limited Edition. Hər birinin xüsusi yaranma tarixi və səbəbi var. Məsələn, elit konyak sayılan Hennessy Paradis Imperial-ın tarixi 1818-ci ildən başlayır. Məhz həmin ildə imperatriçə Mariya Fyodorovna, tərkibində müxtəlif eksklüziv notlar toplusu olan və təkrarolunmaz incə dad verən unikal içki hazırlamaq üçün Hennessy ailəsinə sifarişi verir. İmperatriçə həmin konyakı oğlu – İmpertor I Aleksandra hədiyyə etmək istəyirdi.

Sifarişə məsuliyyət və ciddi-cəhdlə yanaşan Hennessi Evi konyakın hazırlanmasında yalnız uzun illik tutuma malik konyak spirtlərindən istifadə etdi. Və nəticədə dünyanın ən yaxşı yaradıcı brendinə nail oldu. Lakin konyakın orijinal resepti sonradan itirilmişdi. Sözügedən elit konyakın ikinci “doğuluşu” 1875-ci ildə kupaj ustası Jan Filyu tərəfindən oldu. Nəfis və yumşaq dada malik bu zərif içki, deyilənə görə, maksimalistlər üçün yaradılıb. Hennessy Paradis Imperial konyakının dadını daha yaxşı hiss etmək üçün onu büllur qədəhlərdə qarışdırmadan içmək şərtdir.

Hennessy konyaklar seriyasının ən sonuncu buraxılışı - Hennessy 44 Limited Edition konyakı isə 2009-cu ildə ABŞ-ın 44-cü prezidenti Barak Obamanın inauqurasiyasına həsr olunub.

Daha bir maraqlı detal. Konyakın tutumu, şüşənin üzərindəki ulduzlarla qeyd olunur. Ulduz sayları, içkinin yaşını göstərir. Yeri gəlmişkən, bu göstəricini ilk dəfə kompaniya yaradıcısının nəticəsi – II Moris Hennessy düşünüb.

Və… dünyanın elit markası sayılan Hennessy konyaklarının bəzi seriyaları bu gün Azərbaycana da idxal olunur. Lakin digər ölkələrlə müayisədə hələlik kiçik miqyasda. O da məxsusi olaraq ağız dadını bilən qurmanlar üçün.

Sevda Babayeva
Konyak (Fransa)
Xüsusi olaraq AzVision.az üçün


Qalereya




Teqlər:  





Xəbər lenti