"Neftçi" "Dinamo"ya səfərdə qalib gəldi

"Neftçi" "Dinamo"ya səfərdə qalib gəldi
  07 İyul 2021    Oxunub:1269
"Neftçi" komandası Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" ilə keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda qalib gəlib.
Azvision.az -ın məlumatına görə, Boris Payçadze adına "Dinamo Arena"da təşkil olunmuş qarşılaşmada Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.

23-cü dəqiqədə zərbə mövqeyinə çıxan Ələskərov rəqib qapıçı Roin Kvasxvadzenin önə çıxmasından yararlanaraq, topu onun başı üzərindən tora göndərib.

Buraxdığı qoldan sonra "Dinamo" hücumlarının kəsərini daha da artırıb. Tbilisi təmsilçisi istəyinə 36-cı dəqiqədə çatıb. Serbiyalı hücumçu cərimə meydançasının çölündən qüvvətli zərbə ilə bərabərlik qolunu vurub - 1:1. İlk yarı elə bu hesabla yekunlaşıb.

Tədricən üstünlüyü ələ alan "ağ-qaralar" 56-cı dəqiqədə penalti qazanıb. İsrailli referi David Fuksman Ələskərova qarşı kobudluğu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Mahmudovun ilk zərbəsini "Dinamo"nun qapıçısı qaytarsa da, baş hakim onun qapı xəttindən irəli çıxdığını bildirərək, zərbənin təkrarlanmasını istəyib. Kapitan bu dəfə dəqiq olub.

Beləliklə, "Neftçi" səfər oyununda "Dinamo" üzərində qələbə qazanaraq, iyulun 14-də "Bakcell Arena"da keçirəcəyi cavab oyunu üçün böyük üstünlük əldə edib. Həmin qarşılaşma saat 21:00-da start götürəcək.

Azvision.az


Teqlər: Neftçi  





Xəbər lenti