"Qeyri-neft sektorunun statistikası iki yerə ayrılmalıdır" - İqtisadçı

 "Qeyri-neft sektorunun statistikası iki yerə ayrılmalıdır" -  İqtisadçı
  06 İyul 2021    Oxunub:1123
Qeyri-neft sektorunun inkişaf strategiyası neft ölkələrinin iqtisadiyyatı üçün əvəzedilməz strategiya olmalıdır. Çünki zaman dəyişir, enerji resurslarına təlabat dəyişir, resurs isə tükənir.
Bunu Azvision.az - a iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O qeyd edib ki, Venesuela dünyada neft ehtiyatına görə birinci yerdədir (300,9 mlrd. barrel), amma...
- ...Milli pulları olan bolivar yenə can verir. Bir dollar almaq üçün 3,2 milyon bolivar lazımdır. Yəni ki, bir ölkənin nefti onun milli valyutasını təkbaşına uçrumdan xilas edə bilməz. Olsa-olsa uçrumun kənarında onun belindən iplə bağlayıb, sallanmış şəkildə bir müddət saxlaya bilər. Amma gec ya tez neftin qolu yorulur və ipi buraxir. Milli valyuta da ucrumun dibinə çırpılır. Bu bir az obrazlı bənzətmə olsa da, proses dəqiq belədir. Bu aqibəti yaşamamaq üçün qeyri-neft sektorunun inkişafına nail olmaq lazımdır, - iqtisadçı söyləyib.

Azərbaycanda son rəsmi məlumata görə, qeyri-neft ixracında 27.1% artım var. 2021-ci il yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1162,4 milyon ABŞ dolları təşkil edib və 2020-ci ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artıb. Məlumatda göstərilir ki, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus (COVID-19) pandemiyasının qeyri-neft ixracına mənfi təsirləri azalıb və ixracda dinamik artıma nail olunub. Altı ay ərzində qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, şəkər ixracı 2,5 dəfə, alminium və ondan hazırlanan məmulatların ixracı 49 faiz, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə artıb.

- Statistikadan göründüyü kimi, bu artıma daha çox töhfə verən 5 istiqamətdən ikisi qara metalların və alminiumum payına düşür. Düzdür, bu, qeyri-neft sektoruna aiddir, amma eyni zamanda ölkənin təbii sərvətidir. Odur ki, ixrac statistikası təqdim edilərkən yaxşı olardı ki, qeyri-neft sektoru üzrə olan bölmənin özü də iki yerə ayrılsın və ölkənin yeraltı sərvətlərinin daxil olmadığı bir “Qeyri-təbii sərvət ixracı” statistikası aparılsın. Bu, real dinamikanı daha aydın təsvir etmiş olar. Ölkənin qeyri-neft sektorunun inkişafı strategiyasında hədəflənən məqamlara nail olmaq üçün daha dəqiq və real effektiv statistika çox vacib şərtdir", - Əmirov vurğulayıb.

Azvision.az



Teqlər:





Xəbər lenti